910
EN RU


Leykositlər

Leykositlər

 Leykositlər immun sistemi hüceyrələrinə aiddir. Onları adətən "ağ qan hüceyrələri" adlandırırlar. Lakin onlar ağ yox, rəngsizdir. Leykositlər müxtəlif ölçülərdə (6- 20 mkm) və formada olur. Onların xüsusiyyətlərindən biri də sərbəst şəkildə hərəkət etməsidir.

Leykositlərin bir neçə növü olsa da, funksiyaları oxşardır. Onlar insanı xəstəliklər törədən, ölü və mutasiyalara yoluxmuş (məsələn, xərçəng) hüceyrələrdən və antigenlərdən qoruyur.
Qanda leykositlərin sayının artması xəstəliyin diaqnozun qoyulmasında böyük rol oynayır. Leykositlərin sayının artması "leykositoz" adlanır. Leykositoz fizioloji və patoloji olur. Fizioloji leykositoz heç bir xəstəliyin əlaməti deyil və orqanizmdə gedən bəzi dəyişikliklərə cavab olaraq inkişaf edir. Patoloji leykositoz isə hər hansı xəstəliyin simptomu kimi meydana çıxır.

Fizioloji leykositoz aşağıdakı hallarda inkişaf edir:
- qida qəbulundan 2-3 saat sonra,
- emosional gərginlik zamanı,
- isti və ya soyuq vanna qəbulundan sonra,
- ağır fiziki yükləmələr zamanı,
- doğuşdan sonra,
- menstruasiyadan əvvəl,
- hamiləlik zamanı (xüsusilə hamiləliyin axırına yaxın).
Bu səbəbdən qan analizi səhər saatlarında və sakit vəziyyətdə verilməlidir.

Patoloji leykositozun səbəbləri:
- kəskin bakterial infeksiyalar (appendisit, xolesistit, pielonefrit və s.),
- müxtəlif iltihablar,
- xroniki böyrək çatışmazlığı,
- diabetik koma,
- güclü qanaxmalar,
- beyin qansızması,
- ürək, böyrək, dalaq, ağciyər infarktı,
- geniş yanıqlar,
- infeksion xəstəliklər,
- irinli proseslər.

Bəzi hallarda leykositoz daha kəskin şəkildə (100X10 9) özünü büruzə verir. 
Qanda leykositlərin sayı normadan aşağı düşdükdə (4X10 9 l) bu "leykopeniya" adlandırılır.

Leykopeniyanın səbəbləri:
- Xərçəng xəstəliyi,
- Leykozun başlanğıc mərhələsi,
- Autoimmun xəstəliklər,
- Dalağın funksiyasının artması,
- Virus xəstəlikləri (qrip, hepatitlər, qızılca, məxmərək və s.),
- Bəzi dərman preparatlarının qəbulu,
- Vitamin (xüsusilə B1) çatışmazlığı,
- Şüa xəstəliyi və s.
Sidikdə, uşaqlıq yolundan (qadınlarda) və ya uretradan olan yaxmada leykositlərin artması sidik ifrazatı və cinsiyyət sistemində olan iltihabların əlamətidir.