910
EN RU


Qızılca virusu

Qızılca virusu

 Bu kəskin infeksion xəstəliyi qızılca virusu törədir. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) digər insanlara keçir. Virus çox uçucu və davamlı olub uzaq məsafələrə yayıla bilər.
İstənilən yaşda olan uşaqlar və böyüklər bu xəstəliyə yoluxa bilərlər.
Xəstəlik hərarətin yüksəlməsi ilə başlayır, burundan xeyli miqdarda əvvəlcə selikli, daha sonra selikli-irinli ifrazat xaric olur, xırıltılı səs, öskürək qeyd edilir. Gözlər qızarır, işıqdanqorxma, gözün tez-tez yaşarması baş verir.
Xəstəliyin 2-3-cü günü praktik olaraq bütün bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Xəstəliyin 4-5-ci günü səpgilər qəhvəyi rəng alır. Qızılca zamanı müxtəlif fəsadlar da (pnevmoniya, otit, enterokolit) baş verə bilər. 
Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəxanaya ancaq kiçik yaşlı uşaqları yerləşdirirlər (fəsad vermək qorxusu olduğundan). Uşağın olduğu otaq mütəmadi olaraq nəm əsgi ilə silinməli, havası tez-tez dəyişdirilməlidir. Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır. Uşağın əl-üzünü tez-tez yumaq, gündə 1-2 dəfə gözlərini yumaq, hər qida qəbulundan sonra isə ağızı yaxalamaq (stomatitin profilaktikası üçün) lazımdır.
Xəstəlik keçirildikdən sonra orqanizmdə ömürlük immunitet formalaşır.
Digər infeksion xəstəliklər kimi, qızılca xəstəliyindən də qorunmağın ən yaxşı yolu müvafiq peyvəndin edilməsindən ibarətdir.