910
EN RU


İnsanın hərəkət sistemi

İnsanın hərəkət sistemi

 İstinad-hərəkət aparatına skeleti təşkil edən sümüklər, onların birləşmələri və əzələlər aiddir. Skelet istinad-hərəkət aparatının passiv, əzələlər isə aktiv hissəsini təşkil edir. Skelet 200-dən artıq sümükdən ibarət olub, orqanizmdə istinad funksiyasını daşımaqla bərabər, qanın mineral tərkibinin sabit saxlanılmasına zəmin yaradır, eyni zamanda sümük iliyini, mərkəzi sinir sistemini, ürəyi və bəzi digər orqanları mühafizə edir. Funksiyası ilə əlaqədar olaraq, sümüklər müxtəlif formalarda olur. Formasına görə sümüklər 4 qrupa bölünür: uzun sümüklər-əsasən borulu sümüklər olub, ling vəzifəsi daşıyır. 
Sümüyün 20-40 faizi sudan, 60-80 faizi isə quru maddədən təşkil olunmuşdur. Quru maddənin 65-70 faizi qeyri-üzvi birləşmələrdən, qalan hissəsi üzvi maddələrdən ibarətdir. Üzvi birləşmələrə əsasən zülal, az miqdarda isə yağ və karbohidrat daxildir. Zülallar sümüklərin elastikliyini təmin edir. Mineral maddələrin əsas hissəsini kalsium-fosfat, az miqdarda kalsium-karbonat, kalsium-florid, kalsium-hidroksid kimi duzlar əmələ gətirir. Bundan başqa, sümüklərin tərkibində kalium, natrium, xlor, manqan, kobalt, mis, nikel və digər elementlər vardır. İnsan orqanizmində olan kalsiumun 99%-i, fosforun 87%-i, maqneziumun 58%-i məhz sümük toxumasında toplanmışdır. Bu mineral maddələr sümüyə bərklik verir. Sümüyün tərkibi yaşla əlaqədar olaraq dəyişilir. Belə ki, uşaq yaşlarında üzvi maddələr çoxluq təşkil edir, qocaldıqca isə qeyri-üzvi maddələr daha çox olur. Sümüklər birləşdirici toxuma və qığırdaq toxuması hesabına inkişaf edir.