910
EN RU


Bakıda Sağlam gənclik, sağlam gələcək Forumu keçirildi.

Bakıda Sağlam gənclik, sağlam gələcək Forumu keçirildi.

                                                           “Sağlam gənclik, sağlam gələcək” forumu 

10 dekabr 2014-cü il tarixində “Sağlam Ailə” tibb mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və AVROMED Şirkətinin təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək” Forumu keçirilib. Forum Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, İUSTİ beynəlxalq təşkilatının dəstəyi ilə təşkil olunub.

Tədbirdə mövzu ilə əlaqədar dövlət rəsmiləri, özəl qurumlar, gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlərdən ibarət 500 nəfər iştirak edib. Forum rəsmi və akademik xarakter daşıdığı üçün iki hissədən ibarət olub.

Forumda ümumilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafına, tibb kadrlarının inkişafına, səhiyyə sahəsində təhsilin keyfiyyətinə qayğısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlar və gənclərin sağlam mühitdə böyüməsi istiqamətində atılması vacib olan addımlar barədə müzakirələr aparılıb.

Rəsmi hissədə iştirak edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tədbiri giriş nitqi ilə açaraq qeyd edib ki, ümumilikdə bu forumun keçirilməsi böyük önəm daşıyır: "Gənclərimizin sağlamlığı, müxtəlif neqativ hallarda profilaktikasını təmin etmək bütün cəmiyyətin əsas vəzifələrindən biridir. Düşünürəm ki, bu forum çərçivəsində gənclərin müxtəlif narkomaniya, QİÇS və digər neqativ hallarda profilaktikasının yolları kimi məsələlər müzakirə olunacaq".

Forumda Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, AQUPDK-nin sədr müavini Aynur Sofiyeva, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Azərbaycanda səhiyyə sahəsində görülən işlər barədə çıxış etdilər.

Daha sonra “Sağlam Ailə” Tibb Mərkəzlərinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nigar Rüstəmli çıxış edərək bildirdi ki, “Sağlam ailənin adı özündə bir saflığı və ailəçiliyi təbliğ edir. Burada gənclərin üzərinə düşən əsas vəzifə sağlam olub daha sonra ailə qurmaqdır. Gələcəyimizin, gəncliyimizin sağlam olması üçün sağlam ailə qurmaq önəmli faktordur”.

Forumun II hissəsi olan akademik hissədə dünyanın 8 ölkəsindən (Almaniya, Avstriya, Azərbaycan, Rusiya, İngiltərə, Xorvatiya, Estoniya və Ukrayna) dəvət olunmuş tibb mütəxəssisləri, professorların cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliğinin mövzularında çıxışları dinlənildi.