910
EN RU


İmmunitetin növləri

İmmunitetin növləri

Anadangəlmə immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur və irsi olaraq nəsildən nəslə ötürülür.

Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, dəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar. Məhz buna görə əksər hallarda biz orqanizmimizin yad mikroorqanizmlərlə “görüşünü” sadəcə olaraq hiss etmirik. Onlar ya sadəcə olaraq dərini keçə bilmir, ya da dəridə məhv olurlar.

Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər.

Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın, uşaqlıq yolu və uşaqlığın) – “düşmənlərlə” mübarizənin ön cəbhəsidir. Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən “lizosim” adlı maddə ifraz edirlər. Selikli qişalarda həmçinin makrofaqlar və A-immunoqlobulinlər də yerləşmişdir. Ona görə də mikroorqanizmlərin selikli qişalarda olması, əlbəttə ki, onlar üçün ölümcül təhlükədir.

Ağ ciyərlərdən yüzlərlə m3 hava keçir. Havanın ilkin təmizlənməsi burundan başlayır. Məhz buna görə həkimlər burunla nəfəs alınmasını (ağızla yox!) çox vacib hesab edirlər! Havada olan toz hissəcikləri burunun selikli qişasında saxlanılır və burun seliyi ilə xaric edilir.

Havanın təmizlənməsi bronxlarda davam edir. Seliklə birlikdə isə bronxlara hava ilə daxil olunmuş müxtəlif mikroorqanizmlər, toz və s. xaric olunur. Selik bir qədər çox yığıldıqda öskürək baş verir ki, bu da orqanizmin müdafiə refleksidir. Bunun sayəsində tənəffüs yolları mikroblardan daha tez və asan azad olur. Məhz buna görə öskürək refleksinin qarşısını almaq olmaz.

Biz qida və su ilə də xeyli miqdarda mikroblar uduruq. Bu zaman onlara qarşı mübarizə aparan ilk etibarlı sədd lizosim adlı qoruyucu maddə ifraz edən mədə-bağırsaq sistemidir. Mədə şirəsi çox turş mühitə malikdir. Buna görə mikrobların əksəriyyəti bu mühitdə yaşaya bilməyərək məhv olurlar. Bundan əlavə öd və bağırsaq fermentləri də həmçinin bakterisid (mikrobları öldürmə qabiliyyəti) xüsusiyyətlərə malikdirlər.

Oksigenin olmaması bir çox mikrobların bağırsaq daxilində çoxalmasına imkan vermir. Bağırsaqların peristaltikası (bağırsaqların hərəkəti) onların daxilində olan möhtəviyyatın hərəkətinə səbəb olur ki, bu da bağırsaqları mikrobların təsirindən qoruyur. Çünki bu zaman mikroblar bağırsaq epitelisinə yapışa bilmir və bu hal onların orqanizmə zərər vurmasına imkan vermir.

Beləliklə, qeyd etmək lazımdır ki, xarici düşmənlərdən qorunmaq üçün orqanizmin təbii müdafiə sistemi çox güclüdür. Ancaq bir çox hallarda, bizim hər gün qarşılaşdığımız müxtəlif, çoxsaylı mikroblar və viruslarların öhdəsindən gəlmək üçün anadangəlmə immunitetin imkanları kifayət etmir. Bu halda bizim immun sistemimiz infeksiyalardan qorunmaq üçün yeni müdafiə vərdişləri əldə etməli olur. Bu isə məhz qazanılmış (spesifik) immunitetdir.

Anadangəlmə immunitetdən fərqli olaraq qazanılmış immunitet bu və ya digər bakteriya və virusla olan hər bir görüşü "yadında saxlayır" və onların hər biri üçün sanki ayrıca bir "qovluq" açaraq, orada həm həmin düşmən-mikrob haqqında, həm də onun məhv edilməsi yolları barədə ən dəqiq məlumatları toplayır. Nəticədə, əgər həmin düşmən yenidən orqanizmə daxil olursa, immun sistemi dərhal ona aid olan lazımı "qovluğu" açır, daha sonra isə bu düşməni məhv etmək üçün lazım olan maddələri və vasitələri işə salır. Bu yolla immunoloji yaddaş formalaşmış olur.

Qazanılmış immunitet insanın həyatı boyu formalaşır və irsi olaraq növbəti nəslə ötürülmür. İnsanlarda barmaq izləri unukal (nadir) olduğu kimi, qazanılmış immunitet də unikaldır.

Bəzi hallarda anticisimlər bizi təkrar yoluxmadan uzun illər və ya hətta ömrümüz boyu (məsələn, qızılca, su çiçəyi, məxmərək, skarlatina və s.) qorumuş olur. Bunu davamlı immunitet adlandırırlar.

Vaksinasiya icad edildikdən sonra insanlar müxtəlif infeksiyalara qarşı peyvənd etməyə başladılar. Peyvənd edilməsindən sonra yaranan immuniteti süni immunitet adlandırırlar. Əgər orqanizmə vaksin daxil edilirsə, bu zaman süni aktiv immunitet yaranmış olur (məsələn, qızılca, göyöskürək, parotitə qarşı peyvəndlər). Əgər insan orqanizminə, tərkibində infeksion xəstəliyin törədicilərinə qarşı hazır anticisimləri olan zərdab (serum) daxil edilirsə, bu zaman süni passiv immunitet yaranmış olur (tetanus, quduzluğa qarşı zərdablar).

Süni passiv immunitetin böyük üstünlüyü vardır. Belə ki, o xəstə insanla kontaktda olmuş insanı çox qısa bir zamandan sonra həmin xəstəlikdən qorumağa imkan verir. Süni passiv immunitetin mənfi cəhəti də vardır ki, o daha qısa bir müddət ərzində saxlanılır və aktiv immunitetə nisbətən daha zəif olur.

Yeni doğulmuş uşaq passiv immunitetə malik olur. Ana bətnində olarkən körpə, cift vasitəsi ilə ananın keçirdiyi və ya peyvənd olunduğu xəstəliklərin törədicilərinə qarşı olan anticisimlərini alır. Bu passiv transplasentar immunitet doğulan uşağın 3-6 ayına qədər zəifləyərək onun 1 yaşında tam şəkildə yox olur. Ancaq bu immuniteti körpənin ana südü ilə qidalandırılmasını davam etdirməklə bir müddət də saxlamaq olar. Çünki bu halda, uşaq ana südü ilə daimi olaraq əlavə anticisimlər "porsiyaları" almış olur. Pediatrlar belə hesab edirlər ki, ana südü ilə qidalanmanı uşağın 2 yaşına qədər davam etmək lazımdır. Bu halda uşağın immun sistemi daha güclü olacaq.