910
EN RU


Helmintozlar (qurd xəstəlikləri)

 Helmintozlar (qurd xəstəlikləri)

          Helmintozlar (qurd xəstəlikləri). Helmintlər hələ ilk canlı aləmin meydana gəldiyi gündən bu günə qədər böyük bir inkişaf mərhələsi keçərək dövrümüzdə də mövcuddur. Helmintozları, 250-dən çox növü olan helmintlər törədir. Onlardan 65-nə daha çox rast gəlinir. ÜST-ün son məlumatına görə, 1 milyard insan askaridoz və ankilostomozla, 200 milyon insan şistosomozla, 90 milyon insan filyaritozla xəstədir. Dünya əhalisinin 20%-dən çoxu həyatı boyu ən azı bir helmintoza yoluxur. Azərbaycanda da helmintoz xəstəliyi daima öz aktuallığını saxlayır.

Helmintoz nədir? Helmintoz xəstəliyi orqanizmin müxtəlif orqan və toxumalarında parazit həyat keçirən helmintlər - qurdlar tərəfindən törədilir. Qurdun növündən, invaziyanın intensivliyindən və bir sıra digər xarici və daxili faktorlardan asılı olaraq, helmintozlar əlamətsiz formadan, ölümlə nəticələnən  daha ağır formalara müxtəlif klinik şəkillərdə təzahür edir. Əksər hallarda onlar xronik gedişli olur. Helmintozlardan askaridoz və tenioz daha qədim zamanlardan məlumdur. Helmintoz, askaridoz adlarını Hipokrat, askaridozun müalicəsini isə İbn-Sina verib.

Bunları bil və yoluxma! İnfeksiya mənbəyindən asılı olaraq, helmintozların antroponoz (insandan insana ötürülən) və zoonoz (heyvandan insana keçən) qrupları var. Parazit qurdlar insana əsasən iki yolla - ağız və dəri vasitəsilə, nadir hallarda isə təmas yolu ilə (enterebioz, himenolipedoz) yoluxur. Ağız vasitəsilə (peroral) yoluxan helmintlərə əsasən lentşəkilli qurdları - donuz və öküz soliterini, enli lent qurdunu, alveokokku, exinokokku, kiçik lent qurdunu, soruculardan - pişik sorucusunu, ağciyər sorucusunu, nemotodlardan - insan askaridini, uşaq bizquyruğu qurdunu və s. göstərmək olar. Dəri vasitəsilə yoluxan ikinci qrup helmintozlara əsasən sistosomozlar, bilyarsioz, ankilastomoz, strangiloidoz, filyarioz və s.aiddir. Bu helmintlər torpaqdan, sudan, bitkilərdən müxtəlif keçirici həşəratlar vasitəsilə aktiv sürfə şəklində dəriyə daxil olur. Antroponozların mənbəyi xəstə insan, zoonozların mənbəyi isə vəhşi və ya ev heyvanları olur. Ağızdan yoluxan helmintozların əsas yoluxma faktorları meyvə-tərəvəz, göyərti, su, çirkli əl, torpaq və s. hesab edilir. Bu yolla insan askaridoza, trixosefalyoza, ankilostomidoza və s. tutulur.

“Biz” burdayıq! Helmintozların klinik mənzərəsi invaziya prosesinin mərhələsindən asılı olaraq 3 dövrə bölünür: kəskin və ya erkən dövr, latent (gizli) dövr və xroniki dövr. Günümüzdə əksər qurd invaziyalarına əlamətsiz və ya minimal klinik əlamətlərlə birlikdə rast gəlinir. Xəstəlik əksər hallarda təsadüfən və ya ətraflı müayinələr zamanı aşkar edilir. Buna görə də səbəbsiz halsızlıq, yorğunluq, qarın boşluğunda diskomfort hissi, qəbizlik və ya ishal, uşaqlarda yuxu zamanı dişlərin bir-birinə sürtülməsi, yatağa ağızdan su axması müşahidə etsəniz infeksionist və ya parazitoloqa müraciət edib müayinədən keçirmək məsləhətdir.

Gizlən, “səni” tapım! Helmintozun diaqnozu xəstəliyin klinik mənzərəsinə, epidemioloji məlumatlara, parazitoloji, immunoloji, seroloji və laborator məlumatlara, allergik sınaqlara əsasən qoyulur. Epidemioloji anamnez təbii ocaqlı helmintozların aşkar olunmasında, helmintozun erkən diaqnozunda böyük əhəmiyyətə malikdir. Parazitoloji müayinə helmintin özünü, onun hissələrini, yumurtalarını, sürfələrini orqanizmin müxtəlif ifrazatlarından - nəcisdən, bəlğəmdən, 12 barmaq bağırsağın möhtəviyyatından tapmağa kömək edir.

“Düşmənlərimizi” məhv edək. Helmintozların müalicəsi dehelmintləşdirmə adlanır. Dehelmintləşdirmə həm də qurd xəstəliklərinin yayılmasının qarşısını alır. Bunun üçün qurdun növündən asılı olaraq, xüsusi helmint əleyhinə preparatlardan istifadə olunur. Apteklərdə bu dərman preparatlarının bir çox növlərinə (mebendazol, albendazol, piperazin, levomizol və s.) rast gəlmək olar. Lakin, bu dərmanlar yalnız həkim təyinatı ilə qəbul olunmalıdır.

“Müdafiədə” möhkəm dayan! Helmintozların profilaktikası üçün devastasiya, sanitar-baytar, sanitariya və maarifləndirmədən ibarət kompleks tədbirlər tətbiq edilir. Devastasiya qurdun müxtəlif mərhələlərinin xarici mühitdə məhv edilməsidir. Sanitariya və şəxsi gigiyena qaydalarına riayət edilməsi, qidaların qəbuldan qabaq yuyulması və ya qaynadılması sizi bu təhlükədən qoruya bilər. Evdən kənarda qəbul etdiyiniz qidaların keyfiyyətindən əmin olmalısınız, əks halda onların qəbulu məsləhət deyil. Uşaqlara isə valideynləri nəzarət etməlidir. Torpaqda işləyənlər və heyvanlara qulluq edənlər isə daha ehtiyatlı olmalıdır. Gəlin özümüzü və ətrafdakıları bizə qonaq olub “düşmənçilik” edən mənfur düşmənlərimizdən qoruyaq.

Azər Nağıyev

Terapevt