910
EN RU


Səyirmə

Səyirmə

         Bəzən özümüzdən asılı olmadan göz qapaqlarımızda titrəmələr olur. Bu titrəmələr əsasən üst göz qapağında, bəzən isə alt göz qapağında səyirmələrlə özünü biruzə verir. Tibbi dildə miyokimi adlanan bu tip səyirmələr insanın əsəb sistemini gərginləşdirir. Stress və göz yorğunluğu ilə əlaqədar adətən bir neçə dəqiqə, bəzən isə bir neçə gün və ya ay davam edə bilər. Səyirmələr zamanı gözün və yaxud sinir sisteminin üzvi zədələnməsi halına rast gəlinməyib və bu hal hər hansı bir ciddi xəstəliyin ilkin göstəricisi deyil.

         Səyirmələr kəskin hal alan zaman aşağıda qeyd olunan hallarda həkimə müraciət etmək lazımdır:

1.     Əgər səyirmələr 1 həftədən çox davam edərsə;

2.     Göz qapağının səyirməsi və göz qapağının düşməsi halı müşahidə olunarsa;

3.     Göz qapağından əlavə üzün digər nahiyələrində səyirmə hiss edilərsə;

4.     Gözdə şişkinlik və qızartı olarsa.

Müasir tibbdə səyirmələr çox araşdırılmadığı üçün onların qarşısını alacaq effektli bir üsul və ya hansısa bir məsləhət yoxdur. Səyirmələrin qarşısını almaq üçün ilk öncə yuxu rejimini normallaşdırmaq, göz əzələlərini yoran oxumağı qısamüddətli etmək, uzun müddət kompüter ekranına baxmağı azaltmaq, gözə taxılan linzaları çıxarmaq lazımdır.

Qısamüddətli səyirmələr zamanı, səyirən hissəyə soyuq və ya isti kompres qoymaq, uzunmüddətli bezdirici səyirmələrdə isə səyirən nahiyəyə botoks adlı preparatın yeridilməsi effektli metod hesab olunur. Botoks qısamüddətli sinir əzələ keçiriciliyini dayandıraraq, əzələ səyirmələrinin qarşısını alır.

 

    Əzəmət Mirəli

Nevropatoloq