910
EN RU


Uşaqlarda qəbizlik

Uşaqlarda qəbizlik

             Pediatrik praktikanın ən mühüm  və  daha çox rast gəlinən problemlərindən biri qəbizlikdir. Qəbizlik – bağırsaq boyunca nəcis kütlələrinin hərəkətinin çətinləşməsi və defekasiya aktı arasındakı intervalların uzanmasıdır. Hətta defekasiya aktının tezliyi normal olsa belə, hər dəfə nəcis ifrazının ağrılı və nəcis kütlələrinin konsistensiyasının bərk olması qəbizlik hesab edilir. Müxtəlif yaşlarda defekasiya aktının sayı da fərqli olur. Təbii qidalanmada olan yenidoğulmuşun nəcis ifrazının sayı onun qidalanma tezliyindən asılıdır. Uşaq gün ərzində neçə dəfə qidalanarsa, o qədər də nəcis ifrazı ola bilər. (məsələn gün ərzində 10-12 dəfə).  Lakin süni qidalanmada olan uşaqlarda isə defekasiya aktı gün ərzində ən azı 1 dəfə olmalıdır. 4-6 ayından etibarən, nəcis ifrazı gündə 2 dəfəyə qədər azalır. 1 yaşından yuxarı uşaqlarda nəcis ifrazının gündə 1-2 dəfə olması normal haldır. 6 ayınadək uşaqlarda nəcisin konsistensiyası sıyıqvari, 6 ayından – 1.5 və 2 yaşınadək uşaqlarda isə həm sıyıqvari, həm də formalaşmış ola bilər. 2 yaşından sonra isə konsistensiya formalaşmış olmalıdır. Belə ki, 6 ayadək uşaqda formalaşmış nəcis müşahidə edilərsə, bu, qəbizliyə işarədir.  Qəbizlik spastik, atonik, üzvi və funksional ola bilər.

Spastik qəbizlik – Nəcis fraqmentlər şəklində olur. Belə uşaqlarda daima köp, sancışəkilli ağrılar və süstlük müşahidə olunur, eyni zamanda uşaqların əmək aktivliyi azalır. Rentgen müayinəsi zamanı nəcisin bağırsaqda ləngiməsinə rast gəlinir. 

Atonik qəbizlik – Nəcisin birinci porsiyası həcmcə çox, sonrakı hissəsi isə sıyıqvari olur. Əksər hallarda belə uşaqlarda anus dəliyi ətrafında çatlar əmələ gəlir. Defekasiya aktı ağrılı və çətin olur, eyni zamanda nəcisdə qan müşahidə edilir.

Üzvi qəbizlik – anadangəlmə ( Hişbrunq xəstəliyi və dolixosiqma) və qazanılmış ( poliplər, şişlər, əməliyyatdan sonra çapıq toxuma və s.) olur. Bu qəbizliyin müalicəsi cərrahi yolla mümkündür.

Funksional qəbizlik – qəbizliyin bu növünə daha çox rast gəlinir. Funksional qəbizliyə səbəb olan amillər aşağıdakılardır:

-          Südverən ananın düzgün qidalanma rejiminin olmaması;

-          Süni qidalanmada olan uşağın gün ərzində kifayət qədər maye ilə təmin edilməməsi;

-          Süni qarışıqların tez-tez dəyişdirilməsi;

-          Raxitliyin vaxtında profilaktikasının aparılmaması nəticəsində bağırsağların əzələ tonusunun zəifləməsi və peristaltikanın ləngiməsi;

-          Qalxanabənzər vəzinin funksional pozğunluğu ( hipotireoz);

-          Qida allergiyası – qluten tərkibli qidalara, balığa, yumurtaya, inək südü zülalına qarşı allergiyası olan uşaqların tez-tez həmin qidaları qəbul etməsi nəticəsində bağırsaq divarının allergik komponentlərlə zədələnməsi;

-          Dəmir defisitli anemiyalarda  bağırsaq divarı əzələsinin kifayət qədər dəmir tərəfindən daşınan oksigeni ala bilməməsi və bağırsaq divarının qidalanmasının pozulması;

-          Həkim nəzarəti olmadan dərman qəbul edilməsi (Məsələn, qıcolma əleyhinə dərmanlar, diuretiklər, spazmolitiklərin qəbulu, psixotrop dərmanlar  və antibiotiklər);

-          Qurd invaziyaları.

Belə ki, funksional qəbizlik insanın özü tərəfindən tənzimlənməlidir. Körpə uşaqlarda isə bu vəzifə valideynlərin üzərinə düşür. Belə uşaqların ciddi qidalanma rejimi olmalı, qida rasionunda bitki mənşəli liflər, xüsusilə meyvə-tərəvəz üstünlük təşkil etməlidir. Gündəlik bitki liflərinin miqdarının hesablanması aşağıdakı kimi aparılır:

Uşağın yaşı +10 qram sutkalıq bitki lifi

Eyni zamanda qida rasionunda süd turşusu məhsulları da üstünlük təşkil etməli və gün ərzində çoxlu maye qəbulu da yaddan çıxmamalıdır. Müalicə məqsədilə uşaqlara laktuloza tərkibli dərmanlar, ödqovucular, prokinetiklər verilə və fitoterapiya aparıla  bilər. Əlbəttə ki, bütün bunları düzgün şəkildə qəbul etmək üçün həkim qəbulunda olmaq məsləhətdir.

Gülşən Həsənova

Pediatr