910
EN RU


Südəmər uşaqların menyusuna əlavə qidalar necə daxil edilməlidir?

Südəmər uşaqların menyusuna əlavə qidalar necə daxil edilməlidir?

 

 6 aylıqdan sonra uşağa vitaminlər və digər lazımi qida maddələri lazım olduğu üçün əlavə qida qəbuluna başlamaq lazımdır. Əlavə qidalar tədricən və ehtiyatla təyin edilməlidir. Əgər uşaq xəstədirsə və ya hər hansı bir profilaktik peyvənd alıbsa əlavə qida qəbuluna başlamaq üçün bir neçə günlük fasilə vermək olar.

 

 

 

Əlavə qida qəbuluna başlamağın aşağıdakı qaydaları var:

1.    Əlavə qida qəbuluna uşaq 6 aylıq olarkən (adaptə olunmuş süni qidalarla qidalanan uşaqlar daxil) başlamaq lazımdır.

2.    Hər bir əlavə qida qəbuluna uşaq sağlam olarkən başlanmalıdır.

3.    Əlavə qida hər zaman əsas qidadan öncə verilməlidir.

4.    Əgər uşaq yemək istəmirsə, əlavə qida qəbuluna 2 həftə sonra təkrar başlamaq lazımdır.

5.    İlk əlavə qida qəbulundan 3-4 həftə sonra yeni qida qəbuluna başlamaq olar.

6.    Uşaq qəbul edilən qidaya adaptasiya olmamış, yeni qida qəbuluna başlamaq olmaz.

7.    Şirələr damcı ilə sıyıqlar isə yarım çay qaşığı ilə verilməlidir.

8.    Əlavə qida qəbulu nəticəsində uşaqda hər hansı bir dəyişiklik müşahidə olunarsa, həmin qidanı digər qida məhsulu ilə əvəz etmək lazımdır. Məs: alma püresini -armudla, qarabaşaq sıyığını- düyü ilə və s.

9.    Kiçik qida kütlələrinin qəbuluna yavaş-yavaş başlamalı və qida konsistensiyası duru olmalıdır.

10. Uşağa 10-12 aylığında verilən qida isti olmalıdır (qaynar və ya soyuq olmamalı).

 

Əlavə qida qəbulundan öncə mütləq pediatr ilə məsləhətləşmək lazımdır. Pediatrlar anemiya, raxit, vaxtından əvvəl doğulmuş, qəbizlik problemi olan, artıq çəkili uşaqlara əlavə qidalanmaya tərəvəz püresi ilə başlamağı məsləhət görürlər. Çəkisi qeyri-mütəmadi artan və nəcisi davamsız olan uşaqların əlavə qida rasionuna isə əvvəlcə sıyıqlar daha sonra tərəvəz püresi əlavə edilməlidir.  

Əlavə qidanı aşağıda qeyd olunan ardıcıllıqla vermək lazımdır:

1.    Yeni qidanın həcmini yavaş-yavaş artırmalı;

2.    Əlavə qida qəbuluna öyrəşməli;

3.    Yeni əlavə qidaya keçməli.

Əgər əlavə qidadan sonra uşaqda səpgilər, davamsız nəcis, ümumi narahatçılıq müşahidə olunarsa, həmin qida qəbulunu dayandırmaq lazımdır. 2-3 gün ərzində əlamətlər keçməzsə mütləq şəkildə pediatra müraciət edin.