
“Sağlam Ailə” Özəl Tibb Mərkəzinə müraciət edən şəxslər bilməlidir:
Qanın ümumi və Biokimyəvi analizi üçün:
Qan əksər hallarda səhər saatlarında qida qəbul etmədən verilməlidir.
Müayinəyə gəlməzdən 1-2 gün öncə qida rasionundan yağlı, qızardılmış yeməklər, alkoqollu içkilər çıxarılmalıdır.
Qan verməzdən 1 saat öncə siqaret çəkməməli, fiziki iş, gərginlik, emosional qıcıqlardan yayınmaq lazımdır.
Aşağıdakı prosedurlardan dərhal sonra qan vermək olmaz:
● Rentgen müayinəsi
● USM
● Fizioterapiya və s.
Xəstəliyin gedişinə təsir göstərən dərman preparatlarının qəbulundan 14-21 gün sonra qan vermək məqsədə uyğundur.
Xolesterinin, lipoproteinlərin qanda təyin olunması 12-14 saatlıq aclıqdan sonra aparılır.
Hormonal müayinə, qida qəbul etmədən, səhər saatlarında aparılmalıdır.
Reproduktiv yaş (16-45 yaş) dövründə olan qadınlarda laborator müayinə menstrual dövr nəzərə alınmaqla aparılır.
İnfeksion xəstəliklərin müayinəsi aparılarkən infeksiyalaşma, orqanizmin immun vəziyyəti nəzərə alınmalıdır. Şübhəli hal yaranarsa, müayinə 2 həftə sonra təkrar oluna bilər. İgG və İgM antitellərinin aşkarlanması yoluxmadan 10-14 gün sonra aparılmalıdır.
Sidiyin ümumi analizi
Sidik yığılmazdan öncə gigiyenik qaydalara riayət edilməlidir. Müayinə üçün yalnız səhər yuxudan oyandıqdan sonra ilk sidik laboratoriyaya təqdim olunur. Sidik quru, təmiz, steril qaba yığılıb, 2 saatdan gec olmadan laboratoriyaya çatdırılmalıdır.
Spermanın verilməsi
Sperma analizi üçün müayinə olunan şəxsin öncə həkim konsultasiyasına gəlməsi vacibdir. Müayinə üçün sperma yalnız klinika daxilində xüsusi otaqda verilməlidir. Spermanın yığılması üçün xüsusi qab götürülür. Analiz verilməzdən 2-7 gün öncə cinsi əlaqədən, alkoqollu içkilərdən və dərman qəbulundan imtina etmək lazımdır. Sperma yığılarkən çalışmaq lazımdır ki, ilk porsiya mütləq qaba tökülsün, çünki bu hissədə 60-70% aktiv spermatozoidlər olur.
PZR
Müayinə materialları (qan, yaxma, bioptat və s.) verildikdə, dərman preparatlarının qəbulundan 10-14 gün sonra müraciət etmək lazımdır.
Bəzi hallarda personalın peşəkarlıq səviyyəsindən asılı olmayan, hemoliz, qanın götürülməsi zamanı ağrı, damarların keçiriciliyi, kövrəkliyi səbəbindən manipulyasiya yerində hematoma (göyərmə) kimi hallar baş verə bilər.
Göstərilən halların baş verməməsi üçün aşağıdakılara riayət etmənizi məsləhət görürük:
● Qan götürülmüş əli 15-20 dəqiqə ərzində bükməmək
● Manipulyasiyadan ən azı 2 saat sonrakı müddətdə ağırlıq qaldırmamaq
● Manipulyasiya yerini ovxalamamaq
Hemolizə uğramış qan müayinə üçün yararsız olduğundan nümunənin yenidən götürülməsi üçün etdiyimiz çağırışa müsbət yanaşmanız vacibdir.
Laboratoriyalar fərqli diaqnostik metodlarla işləyir və nəticələr müxtəlif vahidlərlə ifadə olunur. Cavablar əldə olunarkən bunları nəzərə almaq vacibdir!








































