Qanın ümumi klinik, biokimyəvi, immunoferment və hemostaz sisteminin müayinəsi üçün götürülməsi, saxlanılması, nəql olunması qaydalar
Nümunəyə olan tələblər: Qan nümunəsinin götürülməsindən öncə fiziki və emosional gərginlik, fizioterapevtik prosedurlar, dərman preparatları (bu halda dərman qəbulunun dayandırılması qərar müalicə həkimi tərəfindən qəbul edilir), spirtli içki və yağlı qida qəbulu yolverilməzdir.
Qanın ümumi müayinəsi acqarına və ya son qida qəbulundan 2-3 saat sonra götürülə bilər.
Biokimyəvi müayinə üçün qan nümunələri xüsusi təcili və təxirəsalınmaz hallar istisna olmaqla, səhər saatlarında, acqarına götürülür.
Hemostaz sisteminin müayinəsi zamanı laxtalanma sisteminə təsir göstərən preperatların qəbul edilib-edilməməsi müəyyənləşdirilməlidir.
Hormon müayinələri üçün qan nümunələri səhər saatlarında acqarına götürülməlidir.
Qadınlardan qan nümunələri müalicə həkiminin xüsusi göstərişləri olmadığı halda menstrual tsiklin müəyyən günlərində götürülür:
LH, FSH, Estradiol hormonları tsiklin 2-5-ci günlərində, Progesteron hormonunun 21-24-cü günlərində götürülməsi məqsədəuyğundur. Menstrual tsikl haqqında məlumat pasientin göndərişində əks olunmalıdır.
Prolaktin üçün nümunələr yuxudan ən az 2 saat sonra götürülür.
Xüsusi tələb olan müayinələr:
Lipid spektrinin müayinəsi üçün qan 12 saatlıq aclıqdan sonra götürülür. Sidik turşusu müayinəsi üçün qan nümunəsinin müayinədən bir neçə gün öncədən purinlərlə (ət və balıq məhsulları, kofe və s.) zəngin qida qəbulunun məhdudlaşdırılması şərtilə görürülməsi məqsədəuyğundur.
Tiroid panel müayinələrindən 24 saat öncə qalxanvari vəzi hormon preparatlarının, həmçinin yod tərkibli dərmanların qəbulu dayandırılmalıdır, vəzinin USM-nin aparılması yolverilməzdir.
PSA müayinəsindən qabaq prostat vəzində hər hansı bir manipulyasiyanın aparılması yolverilməzdir.
Nümunələrin götürülməsi:
Qanaxma müddəti testi kapilyar qanda aparılır.
Aparılma qaydası: Barmaq skarifikatorla deşilir, hər 30 saniyədən bir barmaq basılmadan filtr kağızı yaxınlaşdırmaqla, silinir. Qanaxmanın dayanma vaxtı qeyd olunur.
Şəkər yüklənməsi testi. Qan nümunəsi acqarına, yükləmədən 1 və 2 saat sonar götürülür.
Yükləmə qaydası: 75 q. qlükoza 200 ml suda həll edilərək 5 dəq. ərzində içirdilir.
Prenatal skrininq: I trimestrin prenatal skrininqi hamiləliyin 10-13 həftəsində aparılır.
I trimestrin skrininqinə PAPP-A, ümumi beta HG daxildir.
II trimestrin prenatal skrininqinə AFP, HG, 17-OH progesteron, TBH, sərbəst estriol daxildir. II skrininq üçün qan nümunələri hamiləliyin 16-20-ci həftələrində götürülür. Müayinə qəbulu zamanı pasient haqqında əlavə məlumatların toplanılması vacibdir: pasientin çəkisi, döllərin sayı, USM nəticəsinə əsasən hamiləliyin müddəti, USM nəticəsi, əlavə bilgilər (zərərli vərdişlər, EKM, şəkərli diabet və s.)
Kreatinin klirensi (Reberq sınağı)-bu müayinə üçün qan nümunəsi ilə yanaşı sutka ərzində yığılmış sidik tələb olunur. Sutka ərzində dəqiq vaxt göstərilməklə yığılmış nümunədən 50-100 ml quru qaba tökülərək, sutkalıq miqdar qeyd olunmaqla, laboratoriyaya çatdırılır. İynənin digər ucundan qapaqcıq çıxarılır və iynə adi qayda ilə venaya daxil edilir. Saxlayıcıya istinad edilərək, lazımi vakuetlər rezin membrana keçirilərək sıxılır. Bu zaman iynə rezin membranı və vakuetin rezin tıxacını deşir və vakuetlə vena arasında yaranan kanal vasitəsilə qan sorularaq vakuetə dolur.

Nümunələrin saxlanılması:
Ümumi klinik müayinə üçün götürülmüş qan nümunələrinin 2 saat ərzində işlənməsi məqsədəuyğundur. Qan nümunələrini bu müddət ərzində işləmək mümkün olmadığı halda +2-4°C-də saxlanılır. Nümunələr götürüldüyü gün ərzində işlənməlidir, növbəti günə saxlamaq olmaz.
Biokimyəvi və immunoferment müayinə üçün qan nümunələri +2-4+°C-də saxlanılır. Həmin gün ərzində nəql olunma və ya işlənmə mümkün olmadıqda, zərdab hissəsi ayrılaraq, 4-8°C-də saxlanılır, daha uzun müddət saxlama lazım gəldikdə, bir dəfə buzu açılma şərtilə -20°C-də saxlanılır.
Hemostaz müayinəsi üçün qan nümunələri +22-24°C-də (soyuducuda saxlamaq qəti qadağandır) 2-4 saat, plazma hissənin ayrılması şərtilə +2-4+°C-də 8 saat ərzində saxlanıla bilər. Növbəti günə qədər nümunələri saxlamaq olmaz.
Sidik nümunələrinin ümumi klinik, biokimyəvi, immunoferment və sınaq müayinələrinə toplanma, saxlanma və daşınma qaydaları.
Ümumi tələblər: Müayinə ərəfəsində sidiyin rəngini dəyişən meyvə və tərəvəz (kök, çuğundur), həmçinin dərman preparatlarının qəbulu yolverilməzdir.
Qadınlarda sidik müayinəsi üçün nümunə aybaşı qanaxmaları bitdikdən sonra və ya öncə götürülür.
Ümumi müayinə üçün səhərki ilk sidik bütövlüklə toplanır.
Neçiporenko sınağı (sidikdə leykosit, eritrosit və silindrlərin vahid həcmdəki miqdari testi) üçün səhərki sidiyin orta porsiyası toplanır.
Zimnitski sınağı üçün sidik nümunələrinin toplanması: Pasient səhər sidiyə çıxdıqdan sonra ümumi porsiyalar sayı 8 olmaqla, 24 saat ərzində hər 3 saatdan bir ifraz etdiyi sidiyi ayrı-ayrı qablara yığır. Qabın üzərində nümunənin toplanma vaxtı yazılır. Nümunələr laboratoriyaya çatdırılanadək sərin yerdə saxlanılır.
Biokimyəvi və immunoferment müayinələr üçün sutkalıq sidiyin yığılması:
Sidikdə zülal, mikroelementlər, kreatinin, sidik cöhvəri, sidik turşusu, kortizol və s. müayinələr sutkalıq sidikdə təyin olunur. Pasient səhər sidiyə getdikdən sonra vaxtı qeyd edərək sonrakı 24 saat ərzində ifraz etdiyi sidiyi ümumi konteynerə yığmaqla toplayır. Yığılan sidik yaxşıca qarışdırıldıqdan sonra 50-100 ml təmiz quru qaba tökülür, üzərində miqdarı, yığıldığı müddət qeyd edilərək laboratoriyaya çatdırılır.
Sidikdə diastazanın təyini təzə yığılmış isti nümunədə aparılır.
Nümunələrin saxlanılması və daşınması: Sidik nümunələrini saxlamaq lazım gəldikdə, ilin soyuq vaxtlarında nümunə sərin yerdə, isti vaxtlarda +4-8ºC temperaturda soyuducuda saxalanılır. Nümunələr həmin gün müayinə olunmalıdır.
Koproloji müayinə üçün materialın toplanma, saxlanma və daşınma qaydaları.
Ümumi tələblər: Koproloji müayinəyə materialın toplanmasından öncə təmizləyici və müalicəvi imalələr etmək, işlədici preparatlar, aktivləşmiş kömür, Fe, Cu, Bi preparatları, yağ tərkibli şamlardan istifadə etmək olmaz. Material kolonoskopiya, mədə-bağırsaqların rentgenoloji müayinəsindən ən az 2 gün sonra toplanmalıdır. Materiala sidik və menstrual qanın qarışması yolverilməzdir.

Materialın götürülməsi
Ümimi koproloji müayinə: Müayinə üçün material quru şpatel vasitəsilə porsiynın müxtəlif yerlərdən götürülməklə, qabın həcminin 1/3 çox olmamaq şərtilə təmiz quru qaba toplanır. Kibrit qutusu və uşaq bezində daxil olan materiallar müayinə üçün yararsızdır.
Enterobioza sıyrıntı: Material perianal sahəyə şəffaf yapışqanlı lentin yapışdırılması yolu ilə toplanır. Prosedur gecə yatmazdan əvvəl və ya səhər yuxudan oyandıqdan dərhal sonra aparılır.
Yapışqan lent qoparıldıqdan sonra əşya şüşəsinin üzərinə yapışdırılır.
Nümunələrin saxlanılması: Nümunələr götürüldükdən 8 saatdan çox olmamaq şərtilə ilin soyuq vaxtlarında sərin yerdə, isti vaxtlarda soyuducuda +4-8 ºC temperaturda saxlanılır.
Mikroskopik müayinələr üçün digər materialların toplanma, saxlanma və daşınma qaydaları.
Urogenital yaxmalar. Qadınlarda mikroskopik müayinə üçün urogenital yaxmalar 3 nöqtədən götürülür-Uretra, servikal kanal və uşaqlıq yolu. Hər nöqtədən material ayrıayrı zond vasitəsilə götürülərək əşya şüşəsi üzərinə yaxılır.
Kişilərdə mateial uretradan son sidik ifrazından ən az 1.5-2 saat keçdikdən sonar zondu 2-4 sm dərinə yeritməklə götürülür.
Prostat vəzi şirəsi prostat vəzinin massajından sonra əşya şüşəsi üzərinə yığılaraq, təcili laboratoriyaya çatdırılır. Materialı saxlamaq olmaz.
Dəridən və dırnaqdan patogen göbələyə müayinə üçün material şübhəli nahiyə qaşınaraq və ya dırnağın zədəli hissəsi kəsilərək götürülür. Dəridən götürülən material üzərinə 10%-li, dırnaq hissəcikləri üzərinə 30%-li KOH məhlülü tökülür, üzəri örtük şüşəsi ilə örtülür.
Demodeksə müayinə: Şübhəli nahiyədən götürülmüş material və ya kipriklər əşya şüşəsi üzərinə qoyularaq üzərinə 1 damcı qliserin damızdırılaraq üzəri əşya şüşəsi ilə örtülür.
Şuvarski sınağı: Uşaqlıq boynu kanalından götürülən selik əşya şüşəsi üzərinə qoyularaq üzəri örtük şüşəsi ilə örtülərək təcili olaraq müayinəyə göndərilir.
Kursrok-Miller sınağı üçün müayinə olunan cütlükdən uşaqlıq boynu kanalı seliyi və eyakulyat götürülür. Materiallar dərhal müyinəyə göndərilir.
Malyariya üçün müayinə materialı kapillyar və ya venoz qandır. Qan nazik şəkildə əşya şüşəsi üzərinə yaxılır, otaq şəraitində qurudularaq müayinəyə göndərilir.
Bakterioloji müayinə üçün materialların götürülməsi, saxlanılması və daşınması.
Ümumi tələblər: Müayinə üçün material antibakterial, antiseptik və antifunqal müaəlicədən öncə və ya 2 həftə sonra götürülür. Hər bir material sterillik şərtlərinə əməl olunmaqla, həmin material üçün nəzərdə tutulmuş nəqliyyat mühitinə və ya quru steril qablara toplanır. Materialların götürülməsinə dair məlumatlar metodik çıxarışda ƏKİLMƏ bölümündə əks olunmuşdur (bax əlavə 1).
Qanın əkilməsi (qanın sterilliyi, hemokultura). 2.5 ml venoz qan birdəfəlik şprislə yığılır. 2 fazalı mühitin qapağını dəmir örtükdən azad etdikdən sonra rezin tıxac 70º-li spirtlə dezinfeksiya olunur. Şprisin kolpakı spirt lampasının üzərində açılaraq qan ehtiyyatla mühitə tökülür.
Əkilmə üçün sıyrıntılar (urogenital, burun-udlaq, ağızın selikli qişası, yara nahiyəsindən və s. sıyrıntılar).
Material götürüldükdən sonra nəqliyyat mühitinə daxil edilir. Nəqliyyat mühitində material işlənilməyə göndərilənədək otaq temperaturunda, həmin gün işlənilmədikdə +4-8 ºC-də soyuducuda saxlanılır. Materialın götürülmə vaxtı haqqında nəqliyyat mühitinin üzərində qeydiyyat aparılır.
Əkilmə üçün nativ materiallar (bəlğəm, sinovial maye, sidik, nəcis, eyakulyat, abortiv material, prostat vəzi şirəsi və d.) 1-10 ml miqdarında götürülərək, steril quru qaba yığılır. Material ağzı bağlı şəkildə soyuq yerdə 6 saatdan çox olmayaraq saxlanılır.
Ana südündə mikroorqanizmlərin aşkarlanması üçün material döş vəzilərindən sağılma yolu ilə götürülür. Material götürülmədən öncə döş vəzisi sabunla yuyulur, təmiz dəsmalla silinir, döş gilələri və ətrafı 70º spirtlə işlənir, steril salfetlə qurudulur, steril fizioloji məhlulla yenidən silindikdən sonra hər bir döş vəzisindən ayrı-ayrı qablara sağılmaqla toplanır. Materialın 2 saatdan artıq saxlanılması yolverilməzdir.
PAP-smear müayinəsi üçün materialın götürülməsi, saxlanması və nəql olunması.
Müayinədən 24 saat öncə sprinsləmə, intravaginal prosedurlar, cinsi əlaqə yolverilməzdir. Menstrual qanaxmalar zamanı material götürülməsi məqsədəuyğun deyil. Material Cervix brush fırçası ilə götürülərək əşya şüşəsi üzərinə yaxılır. Yaxma markirə olunur, müşayiət edən forma doldurularaq (SA-AM-F-01) müayinəyə göndərilir.

PZR müayinələrə materialın götürülməsi, saxlanılması və daşınması.
Ümumi tələblər: Müayinə üçün material antimikrob müalicədən öncə və ya 2 həftə sonra götürülür. Müayinə materialı törədicinin ehtimal olunan yaşama yerindən götürülür. Material göndərilənədək və daşınma zamanı +4ºC temperaturdan yüksək olmayan şəraitdə saxlanılmalıdır.
Sıyrıntı materialının götürülməsi, saxlanması və daşınması
Qadınlarda urogenital sıyrıntı aybaşıdan 1-2 gün əvvəl və ya aybaşı qanaxmalarından sonra götürülür.
Uşaqlıq boynu kanalından sıyrıntı götürülmədən öncə uşaqlıq boynu steril fizioloji məhlulda isladılmış steril tamponla silinir. Zond servikal kanala 0.5-1.5 sm daxil edilərək fırladıcı hərəkətlə material toplanır. Eroziya olduğu halda, material sağlam və dəyişilmiş toxumalar sərhəddindən götürülür. Zondu kanaldan çıxaran zaman onun uşaqlıq yolu divarlarına toxunmasına yol vermək olmaz.
Uretradan sıyrıntı uretranın xarici keçəcəyi steril fizioloji məhlulda isladılmış tamponla silinir. Uretra massaj olunduqdan sonra zond 1.0-1.5 sm dərinliyə yeridilərək material toplanır.
Uşaqlığın arxa tağından material steril fizioloji məhlulda isladılmış tamponla selikdən təmizləndikdən sonra toplanılır.
Gardnerella vaginalis (Gardn.vag, Gard.vag/lactobacillus) və T.vaginalis müayinəsi üçün material uşaqlıq yolundan götürülməlidir.
Kişilərdə urogenital sıyrıntı son sidik ifrazından 1.5-2 saat sonra götürülür. Uretranın xarici keçəcəyi steril fizioloji məhlülla silinərək zond 3-4 sm daxilə yeridilməklə toplanır.
Burun-udlaqdan sıyrıntı acqarına və ya yemək qəbulundan 2-4 saat sonra götürülür. Dilin kökü şpatellə basılır. Zond daxil edilərək, badamcıq və udlağın arxa divarına toxundurmaqla sıyrıntı toplanır. Zondu kənarlaşdıran zaman onun dişlər,dil, yanaqların selikli qişasına toxunmasına yol verilməməlidir. Zond nəqliyyat mühitinə daxil edilir, ucluğu kəsilərək nəqliyyat mühitinə salınır.
Konyuktivadan sıyrıntı irinli ifrazat olduğu halda steril fizioloji məhlulda isladılmış tamponla silindikdən sonra alt göz qapağından gözün daxili bucağına doğru silinməklə toplanır. Prosedur vaxtı göz qapaqlarının pambıq başlıqlı zonda toxunmasına yol verməmək üçün onlar sol əlin 1 və 2-ci barmaqları vasitəsilə tutulur.
Sıyrıntı materialları götürüldükdən sonra zond nəqliyyat mühitinə daxil edilir və ağzı kip bağlanır.
Sıyrıntı materiallarını +20-25 ºC-də 2 gün, +2-8 ºC-də 2 həftə, -20ºC-də 1 ay, -70 ºCdə uzun müddət saxlamaq olar.
Prostat vəzi şirəsinin PZR müayinəsi üçün cinsiyyət üzvü steril fizioloji məhlulla silinib massaj olunduqdan sonra ayrılan şirə quru steril qaba toplanır.
Eyakulyat, sidik, ağız suyu, nəcis, bronxo-alveolyar lavaj, bəlğəm, bioptat,
abortiv material, onurğa beyin mayesi, oynaq mayesi və s. nativ materiallar quru steril konteynerə və ya eppendorf sınaq şüşəsinə toplanır.
Nativ materialları +20-25 ºC-də 6 saat, +2-8 ºC-də 1 sutka, -20 ºC-də 1 həftə, -70 ºC-də uzun müddət saxlamaq olar.
Venoz qan və onun komponentlərinin götürülməsi, saxlanması və daşınması.
Qan EDTA-lı vakuetə yığılır, ehmalca qarışdırılır. Qan nümunələrini +20-25 ºC-də kəmiyyət göstəriciləri üçün götürüldükdən sonra 6, keyfiyyət reaksiyaları üçün 12 saat ərzində, +2-8 ºC –də 1 sutka, formalı elementlərdən ayrıldıqdan sonra +2-8 ºC –də 5 sutka, -16-20 ºC-də 1 il ərzində saxlamaq olar.








































