910
EN RU


Keyfiyyətə nəzarət

      Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqaməti pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinin təmin edilməsinə, eyni zamanda işçi personalın əməyinin effektivliyinin yüksəldilməsinə yönəlmişdir. Sağlam Ailə Tibb Mərkəzinin keyfiyyət siyasəti ISO-9001:2008 və ISO 15189:2012 keyfiyyət standartlarına əsaslanır. Standartın tələblərinə uyğun olaraq, ildə iki dəfə həyata keçrilən bütün işlərin audit yoxlaması aparılır və bu yoxlamaların nəticələri protokollaşdırılır.

 

Xüsusi olaraq qeyd olunmalıdır ki, Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən qurulmuş sistem əsasında Sağlam Ailə Tibb Mərkəzində ən müasir informasiya texnologiyalarının tətbiqi ilə aparılan bütün müayinələr, analizlər, eləcə də həyata keçirilən digər işlər nəzarət kameraları vasitəsilə daimi izlənilir.

Keyfiyyətə Nəzarət Şöbəsi istifadə olunan avadanlıqlara ciddi nəzarət edir. Bu nəzarət həm Sağlam Ailə Tibb Mərkəzinin, həm də Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin əməkdaşları tərəfindən ildə bir dəfə müvafiq qaydada test-yoxlamalar vasitəsilə həyata keçirilir.

Pasiyentlərdən daxil olan tövsiyyə və şikayətlər Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən araşdırılır. Həmin müraciətlər əsasında daxili audit təşkil olunur və işin daha yüksək səviyyədə aparılması üçün zəruri tədbirlər planı hazırlanır. Həmçinin, fərdi pasiyentlər və korporativ müştərilər arasında məmnunluq sorğuları keçirilir. Məmnunluq anketində qeyd edilən istəklər əsasında yeni avadanlıqlar, texnologiyalar və reaktivlərin gətirilməsi ilə bağlı təkliflər paketi hazırlanır.

Şöbə laborator müayinələrin spektrinin genişləndirilməsi və müayinə çeşidlərini artırmaqla keyfiyyət sahəsində göstəricilərin yüksəldilməsinə istiqamətləndirilmiş tədbirlərin keçirilməsini hər zaman diqqət mərkəzində saxlayır. Bunun əsas məqsədi, tibb sahəsində olan yenilikləri Azərbaycan səhiyyə sistemində tətbiq etməkdir.

               Sağlam Ailə Tibb Mərkəzinin pasiyentləri və işçi personalı arasında, eləcə də cəmiyyətdə yüksək etimad qazanılmasına nail olmaq, əməkdaşların ixtisasını artırmaq, fasiləsiz təlimlər təşkil etmək və rifah halının yüksəldilməsi məqsədilə görülən işlər Keyfiyyətə Nəzarət Şöbəsinin fəaliyyətində mühüm yer tutur.

Sirr deyil ki, göstərilən tibbi xidmətin keyfiyyəti və ümumi işin vahid bir orqanizm kimi fəaliyyət göstərməsi uğurun əsas amillərindəndir. Bu müstəvidə tibb personalının idarəetmə funksiyalarının sistemləşdirilməsi və optimallaşdırılması, tədarükçülərlə qarşılıqlı mənfəət əsasında münasibətlər yaratmaq, qabaqcıl texnologiya və tibbi avadanlıqların əldə edilməsi kimi mühüm məsələlər Keyfiyyətə Nəzarət Şöbəsinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.