910
EN RU


Nikah öncəsi ilkin müayinələr

 “Bu günün müayinəsi- sabahın Sağlam Ailəsi” şüarı ilə 2003-cü ildən fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəflərindən biri, gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək həmçinin gələcəkdə nikahdan sonra yarana biləcək xəstəliklər haqqında gəncləri maarifləndirməkdir. Maarifləndirməni təşkil etməkdə məqsəd, nikah öncəsi sağlamlıq müayinəsinə laqeyd yanaşan cütlüklərin evlilikdən sonra müxtəlif xəstəliklərdən əziyyət çəkməsinin qarşısını almaqdır.

Hər bir cütlük sağlam ailəyə sahib olmaq, dünyaya sağlam övlad gətirmək və valideyn olmağı arzulayır. Bunun üçün ilk növbədə gələcək ata və ana sağlam olmalıdır. Nikah öncəsi müayinələr cütlüklərə önəmli bir gələcək xəritəsi cızır. Belə ki, bu müayinələrdən sonra evlənəcək gənclər əgər varsa, daşıyıcısı olduqları xəstəliklər, reproduktiv sağlamlıqları eləcə də gələcəkdə dünyaya gələcək körpələrinin sağlamlığı haqqında ilkin məlumatlar əldə edir.

Bugün sevindirici bir məqam var ki, Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr 2014-cü il tarixli fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il iyunun 1-dən etibarən qüvvəyə minib. Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, ailə həyatı qurmaq istəyən şəxslər Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Bu layihə gənclərin ailə qurduqları zaman sağlamlıqları üçün atılan çox mühüm bir addımdır.

Məhz bu qanunu rəhbər tutaraq, Sağlam Ailə Tibb Mərkəzi nikaha daxil olmaq istəyən bəy və xanımlarımıza fərdi olaraq nikah öncəsi ilkin müayinələrdən ibarət Check Up müayinə paketi təklif edir. Nikah öncəsi müayinə paketində mövcud olan müayinələrin hansı xarakter daşıdığı və nə üçün önəmli olduğu aşağıda göstərilmişdir.

 

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə tibbi arayışın etibarlılıq müddəti 1 (bir) ay olduğu üçün bu müayinələr nikahdan 1 ay öncə aparılmalıdır.