910
EN RU


Qeydiyyat şöbəsi

  Sağlam Ailə Tibb Mərkəzinin əsas məqsədlərindən biri, onun hər bir struktur bölməsində pasiyentlərə yüksək səviyyədə tibbi və laborator xidmət göstərməkdir. Burada pasiyentlər üçün hər bir şərait yaradılıb. İstər mərkəzin daxili nizam-intizam qaydalarına ciddi riayət olunması, istərsə də birbaşa pasiyentlərlə ünsiyyətdə olan işçilərin yüksək səviyyədə xidmət göstərməsi, pasiyentlərin gülərüz və mehriban qarşılanması, onlarda yaranan hər bir sualın dolğun və düzgün cavablandırılması baxımından Qeydiyyat şöbəsinin üzərinə böyük məsuliyyət düşür.

Sirr deyil ki, Qeydiyyat şöbəsi hər bir müəssisənin təkamül və tənəzzülündə mühüm rol oynayan strukturlardan biridir. Belə ki, burada pasiyentlərə göstərilən münasibət müəssisənin keyfiyyət siyasətindən xəbər verir. Qeydiyyat şöbəsinin əməkdaşları pasiyentlərlə klinikanın tibbi personalı arasında bilavasitə əlaqə yaradır.Klinika, laboratoriya və ya tibbi personalla bağlı yaranmış hər hansı bir sualı ilk öncə qeydiyyat şöbəsində çalışan əməkdaşlarımız cavablandırır. Sağlam Ailə Tibb Mərkəzinə müraciət edən pasiyentin əvvəlcə klinikaya daima, yaxud  birinci dəfə gəlməsi müəyyənləşdirilir. Əgər pasiyent mərkəzimizə ilk dəfə gələrsə, o zaman ona Anket doldurmaq təklif olunur. Bu anketdə pasiyent adını, soyadını, atasının adını, təvəllüdünü, əlaqə nömrəsini, elektron poçt ünvanını və digər zəruri məlumatları qeyd edir. Ona xidmət edən əməkdaşımız həmin məlumatları kompüter informasiya bazasına daxil edir və pasiyentə qeydiyyat kartı verilir. Həmin kartda pasiyent haqqında əsas məlumatlar və ancaq ona aid olan ştrix-kod əks olunur. Xüsusi olaraq qeyd etməliyik ki, mərkəzimizin müştərilərinin anketdə qeyd etdiyi məlumatların gizliliyinin qorunmasına tam zəmanət verilir.