910
EN RU


İnkişaf tariximiz

2003-cü ildən fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzi respublikamızın uğurla inkişaf edən tibb müəssisəsikimi tanınır. Qısa müddət ərzində uğurlar əldə edərək daima insanların güvəndiyi və etibar etdiyi bir tibb müəssisəsi kimi qalmaq uğurlu bir məqam kimi qiymətləndirilə bilər.

Bütün bunlar başlanğıcını 2003-cü ildə C.Cabbarlı küçəsində açılan ilk filialımızın uğurlu fəaliyyətindən götürür. Bu filialımız laboratoriya, ginekologiya, andologiya və qan otağının mövcud olduğu cəmi 5 otaqdan ibarət olub. Mərkəzin yarandığı gündən məqsəd və hədəfi əhaliyə yüksək tibbi xidmət göstərməklə yanaşı, onlarda profilaktik və nikah öncəsi müayinə mədəniyyətini formalaşdırmaq olmuşdur.

Fəaliyyətimizin 5 ili tamam olan zaman, xidmət çeşidinin artırılması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün daha böyük bir mərkəzə ehtiyac yarandı. Beləliklə, 2008-ci ildə M. Qaşqay 93 ünvanında 2-ci filialımız açıldı. Bununla da, laboratoriyamız böyüdü və burada daha çox laborator müayinə aparılmağa başladı. Qısa müddət sonra mərkəzimiz ISO 9001:2008 Beynəlxalq keyfiyyət standartı sertifikatına layiq görüldü.

Sağlam Ailə Tibb Mərkəzinin qarşıya qoyduğu əsas vəzifələrdən biri müəssisəmizin fəaliyyətində ən müasir və qabaqcıl texnologiyaların tətbiq olunmasıdır. Müəssisəmizdə laborator xidmətlərlə yanaşı poliklinik xidmətlərə də ehtiyac olduğunu nəzərə alaraq, 2010-cu ildə Sağlam Ailə Poliklinikası əhalinin istifadəsinə verildi.

Bakı şəhərində əhaliyə göstərdiyimiz 9 illik xidmət nəticəsində vətəndaşlarımızın daha çox inamını qazandıq. Sumqayıt əhalisinin istəyi ilə Sumqayıt şəhərində də Sağlam Ailə Tibb Mərkəzinin olmasına ehtiyac olduğunu hiss etdik. Beləliklə, 15 may 2012-ci il “Beynəlxalq Ailə Günü” də yeni filialımız Sumqayıt sakinlərinin istifadəsinə verildi.

Bir tibb müəssisəsi olaraq əhaliyə tibbi xidmət göstərməklə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində gördüyümüz tədbirlər də xüsusi yer tutur. 2007-ci ildə “Yoluxucu Xəstəliklərin Diaqnostikada və Müalicəsində Müasir Yanaşmalar”, 2008-ci ildə “Kişi və Qadın Sonsuzluğunun Diaqnostikası və Müalicəsinin Müasir Aspektləri”, 2009-cu ildə “Reproduktologiyada Genetik Aspektlər”, 2010-ci ildə “Hormonların Harmoniyası”, 2011-ci ildə “Dermatovenerologiyada Müasir Yanaşmalar”, 2014-cü ildə “Sağlam gənclik, Sağlam gələcək” adlı konfranslar fəaliyyətimizin mühüm bir hissəsini təşkil edir. İctimai fəaliyyətimizin digər əsas aspektini universitet tələbələri və dövlət orqanlarının əməkdaşlarının maarifləndirilməsi istiqamətində həyata keçirdiyimiz təlimlər tutur. Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası, ASAN Xidmət və digər müəssisələrdə keçirdiyimiz təlimlər nəticəsində 5000-dən artıq insanla görüşmüşük.

Əhalinin maarifləndirilməsi istiqamətində atdığımız digər mühüm addımlardan biri kitablar nəşr etdirmək oldu. “Клинические Аспекты Бактериальныx Дерматозов”, “Tibbi Genetika”, “Qan Donorluğu, Məhkəmə Təbabəti”, “İlk Tibbi yardım” və.s kitablarımızı buna misal olaraq göstərə bilərik.

Maddi-texniki bazanın əsaslı yenilənməsi ilə bağlı bu bu illər ərzində kifayət qədər böyük işlər görüldü. 2014-cü il 9 noyabr tarixində Sağlam Ailə Tibb Mərkəzinin daha bir filialı Narimanov rayonunda istifadəyə verildi. Ən son model avadanlıqlarla təchiz olunmuş və öz fəaliyyətində inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanan laboratoriyamız daha da genişləndi. Burada keyfiyyətə müsbət təsir edə biləcək bütün amillər nəzərə alınıb, müayinələr bütün mərhələlərdə beynəlxalq standartlara, prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Bütün bunların məntiqi nəticəsi olaraq laboratoriyamız 2014-cü ildə akkreditasiyadan uğurla keçərək ISO 15189:2012 standartını əldə edib. Artıq Sağlam Ailə Tibb Mərkəzinə məxsus laborator nəticələr Avropada da tanınacaq.

Öncədən qeyd etdiyimiz kimi, Sağlam Ailə Tibb Mərkəzi 2003-cü ildə fəaliyyətə başlayan zaman əsas hədəfi əhaliyə yüksək tibbi xidmət göstərməklə yanaşı, onlarda nikah öncəsi müayinə mədəniyyətini formalaşdırmaq olmuşdur. Bugün sevindirici bir məqam var ki, artıq Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr 2014-cü il tarixli fərmanına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən etibarən qüvvəyə minib. Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, ailə həyatı qurmaq istəyən şəxslər Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməli olacaqlar. Bu layihə gənclərin ailə qurduqları zaman sağlamlıqları üçün atılan çox mühüm bir addımdır.