910
EN RU


Andrologiya

Andrologiya sahəsi kişiləri, kişi orqanizminin anatomiyasını və fiziologiyasını, kişi cinsiyyət sisteminin xəstəliklərini və onların müalicə üsullarını öyrənir. Uzun müddət andrologiya urologiyanın bir bölməsi olduğu üçün kişilərin cinsi və reproduktiv problemləri ilə uroloqlar məşğul olurdu. XX əsrin 70-ci illərində urologiyanın bu bölməsi genişləndirilib müstəqil bir sahə kimi ayrıldı. Andrologiya sahəsi ümumilikdə, urologiya, venerologiya, endokrinologiya, plastik cərrahiyyə, damar cərrahiyyəsi, mikrocərrahiyyə kimi ixtisaslarla sıx əlaqəlidir. Beləliklə androloq hər bir şəxsə fərdi yanaşmaqla onun həyat tərzini, məişət şəraitini, fiziki və psixoemosional vəziyyətini, keçirdiyi və yanaşı gedən xəstəlikləri, anadangəlmə və irsi keçən qüsurları bilməli və nəzərə almalıdır.

Androloqlar, sidik axarının, prostat vəzinin, toxum kisəciklərinin, xayalıq və onun orqanlarının, cinsiyyət üzvünün iltihabi xəstəlikləri və travmalarının, xarici cinsiyyət orqanlarının, prostat vəzi və toxum kisəcikləri törəmələrinin, kişi cinsi orqanlarının konqestiv xəstəliklərinin və ereksiya pozulmasının konservativ müalicəsi, cinsi inkişafdan qalma səbəblərinin və hipoqonadizmin, kişi klimaksının tədqiqatını və müalicəsini həyata keçirirlər. Onlar yalnız xəstəliklərin müalicəsi ilə deyil, eyni zamanda sağlam insanlarda cinsi funksiyanın korreksiyası ilə məşğul olur.

Androloji problemlər sırasında sonsuzluq və cinsi funksiyanın pozulması xüsusi yer tutur. Cinsi orqanların inkişafının anadangəlmə, genetik qüsurlarından-kriptorxizm (xayanın xayalığa düşməməsi), fimoz, hipo və epispadiya (Sidik kanalının xarici dəliyi penisin ucunda deyil, cismində və hətta kökündə açılır.) andrologiya bölməsinə aiddir. Androloji xəstəliklər tez tez boşanmalara, doğumun azalmasına və əhalinin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Sperma çıxarıcı kanalların qapalı olduğu, xayalarda sperma yaranmasının azaldığı və ya heç yaranmadığı hallar azoospermiya halının yaranmasına səbəb olur. Kişi sonsuzluğu ilə müraciət edən pasientlərin təxminən 5%-də bu hal baş verir.

Azoospermiyanın 2 forması vardır:

1.      Obstruktiv azoospermiya

2.      Nonobstruktiv azoospermiya

 

1.      Obstruktiv azoospermiya- bu hal, toxumçıxarıcı yolların hər hansı bir nahiyəsində obstruksiyanın (maneənin) olmasından irəli gəlir. Bu zaman hormonlar norma daxilində olur və obstruksiya aradan qaldırılır. Digər halda isə heç bir obstruksiya olmur (yəni sperma ifrazı üçün maneənin olmaması) və FSH (follikul stimuləedici hormon) yüksəlir. Azoospermiya zamanı mütləq genetik və hormonal müayinələr aparılmalıdır.

2.      Nonobstruktiv azoospermiya- bu halda isə beyində hormon ifrazı pozulur və ya xayalar hormonları qəbul edə bilmir.

Azoospermiya zamanı sperma əldə etmə üsulları:

Əgər eakulyantda sperma yoxdursa, o zaman PESA, MESA,TESA, TESE (mikro) üsulları ilə xayalardan sperma əldə edilir. Üsulun seçilməsi, hər pasientin vəziyyətinə uyğun olaraq həkim (uroloq-andoroloq) tərəfindən qərar verilir.

PESA üsulu (Perkutan Sperma Aspirasiyası)- Xayalardan iynə vasitəsilə bioloji material götürülür. Bu üsul vasitəsilə sperma olub-olmaması araşdılır. Əgər lazımi miqdarda sperma çıxarsa prosedur sona çatdırılır.

MESA üsulu (Mikro Epididimal Sperma Aspirasiyası)- Çox kiçik bir kəsiklə xaya artımlarına gedilərək mikroskop altında genişlənmiş kanallardan aspirasiya edilir. Əgər kifayət qədər sperma varsa prosedur dayandırlır.

TESE üsulu- Xayalardan bioloji material almaq üsuludur.

Mikro-TESE üsulu- (Testikulyar Sperma Ekstraksiyası - xayalardan sperma alınması)- hal-hazırda bu üsul ağır kişi sonsuzluğu zamanı dünyada müvəffəqiyyətlə istifadə olunan ən müasir üsuldur. 15*25 dəfə böyütmə qabiliyyətinə malik mikroskop görüntüsü altında kiçik bir kəsiklə xayalara gedilir və genişlənmiş bütün kanallardan (ən az 50 nöqtədən) nümunə götürülərək laboratoriyaya göndərilir. Sperma olan halda əməliyyat sona çatdırılır.

Son zamanlar andrologiyada yeni sahə-estetik cərrahiyyə sahəsi fəaliyyət göstərir. Estetik cərrahiyyədə cinsi orqanların qüsurları kosmetik üsullarla aradan qaldırılır. Qısa müddət ərzində kişilər özlərini cinsi əlaqədə, eyni zamanda gündəlik həyatda daha əmin hiss edir.