QQT aminturşu mübadiləsində iştirak edən mikrosomal fermentdir. Yüksək miqdarda böyrək, qaraciyər və mədəaltı vəzidə rast gəlinir. Hüceyrə daxilində ferment membranda, lizosomlarda və sitoplazmada yerləşir. Qaraciyər və ödçıxarıcı yolların xəstəlikləri zamanı serumda QQT-nin yüksək aktivliyi müşahidə olunur.
Yenidoğulmuş və 6 ayadək olan uşaqlarda fermentin miqdarı yetkin insanlarla müqayisədə 2-4 dəfə yüksək olur. Bu onunla bağlıdır ki, QQT “qlütation tsikli”ndə aktiv iştirak edir. Fermentin miqdarına cinsi fərqlər həmçinin təsir göstərir. Qadınlarda fermentin aktivliyi kişilərə nisbətən 20-25% aşağıdır.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Analiz 8-14 saat gecə aclığından sonra verilməlidir.
- Yüngül qida qəbulundan 4 saat sonra müayinənin aparılması mümkündür.
- Müayinə öncəsi yüksək psixoemosional vəziyyət və fiziki aktivlik istisna olunmalıdır.
- Xolestazla müşahidə olunan qaraciyər pozğunluqlarının differensial diqnostikası
- Xroniki hepatitin, miokard infarktın dinamikasının izlənməsi
- Sarılıqsız hepatitlərin diaqnostikası
- Alkoqolizmin skrininqi
- Xroniki alkoqolizmdən əziyyət çəkən pasiyentlərin müalicəsinin kontrolu
- Dərman preparatlarının hepatotoksikliyinin qiymətləndirilməsi
QQT səviyyəsinin yüksəlməsi
- Qaraciyər daxili və xarici xolestaz
- Kəskin virus hepatiti, qaraciyərin toksiki, radiasion zədələnməsi
- Xroniki hepatit
- Kəskin və xroniki pankreatit
- Hepatotoksik preparatların qəbulu
- Alkoqolizm
- Böyrəklərin patologiyaları
- Mədəaltı vəzinin, prostat vəzisinin xərçəndi, hepatoma