Exinokokk qurdu sestodların ən kiçik nümayəndəsi olub, bədənin uzunluğu 5-6 mm və bədəni təşkil edən buğumların sayı isə 3-4 ədəddir. Exinokokk qurdunun cinsi yetişkənliyə çatmış forması əsasən itin, pişiyin, canavarın nazik bağırsağında parazitlik edir. Aralıq sahibi iri və xırda buynuzlu heyvanlar və insandır.
Əsas sahibin bağırsağından exinokokkun yetişmiş yumurtaları nəcislə birlikdə xaricə düşür. Xaricə düşmüş yumurta otun, suyun və müxtəlif məmulatların üzərinə yayılır. Yoluxma parazit yumurtalarını çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. udanda olur. Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxır. Onlar bağırsağın divarını və oradakı venoz qan damarlarını dəlib, qanla əvvəlcə qaraciyərə gəlirlər. Onların təxminən 70% qaraciyərdə qalır. Qalanı qanla ürəyə, sonra ağ ciyərlərə çatırlar və 20% burada qalır. Qalan 10% arterial qanla ürəyin sol mədəciyinə və oradan bütün orqanlara yayılırlar.
İnsanda ən çox yoluxma halları qaraciyərdə (bütün yoluxma halları 50%-i) təsadüf edilir. Klinika şəraitində qaraciyər exinokokkunun üç inkişaf mərhələsi aşkar edilmişdir:
- I mərhələ - 6 qarmaqlı onkosferin qaraciyərə daxil olduğu vaxtdan ilk xəstəlik əlamətinin meydana gəlməsinə qədər. Bu zaman qovuq qaraciyər toxumasının dərinliyində yerləşir.
- II mərhələ - qaraciyərdə müxtəlif simptomlu xəstəliklərin meydana gəlməsi ilə başlayır. Bu mərhələdə xəstədə iştahasızlıq, iş qabiliyyətinin itməsi, tez yorulma, zəiflik, baş ağrıları, arıqlama və bəzən dəridə səpmə və qaşınma, qarın nahiyəsində kəskin küt ağrılar olur. Qaraciyərin ölçüsü böyüyür.
- III mərhələ - exinokokk qovuğunun çürüməsi nəticəsində içərisindəki mayenin və başcığın qarın boşluğu orqanları arasına tökülməsi ilə əlaqədar kompleks allergiya xarakterli simptomlar, hətta huşitirmə hallarının olmasıdır.
Ağciyərlərin exinokokku insanda təsadüf edilən exinokokk xəstəliyi-nin təqribən 20%-ni təşkil edir. Bu 2 mərhələdə keçir:
- I - açılmamış (dağılmamış) mərhələ. Bu zaman qovuq böyüyür, sinir-lərin, bronx və damarların sıxışdırması nəticəsində plevranın patologiyası baş verir. Xəstədə döş qəfəsindəki ağrıların olması əvvəlcə quru öskürək, sonra isə öskürdükdə irini-selikli bəlğəmlə, qismən qanın olması və təngnəfəslik şəklində özünü göstərir.
- II - exinokokk qovuğunun dağılması mərhələsi. Xəstədə çox ciddi dəyişikliklər əmələ gəlir. Bu zaman qovuğun içərisindəki elementlərin bronxlara (20-40%) keçməsi ilə əlaqədar bərk öskürmə, boğulma simptomu və bəlğəmdə qanın artması müşahidə edilir. Dağılmış exinokokk qovuğu plevraya keçdikdə isə xəstəlik ölümlə qurtarır. İnsanda exinokokkun bəzən beyin, dalaq, sümük və əzələ formasına da təsadüf olunur.
- Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
- Son qida qəbulundan 4 saat keçməsi tövsiyə olunur.
- Daxili orqanların zədələnməsi simptomları (qaraciyərin, ağciyərlərin, böyrəklərin, daha az tez-tez digər orqanların şişləri)
- Exinokokk ilə mümkün infeksiyanı göstərən allergik reaksiyalar (xəstədə eozinofiliya olması şərti ilə).
- Epidemioloji göstəricilərə görə exinokokkoz ilə yoluxma riski artan qruplar.
Müsbət nəticə:
- indiki və ya keçmiş infeksiyanı təsdiqləyir.
Mənfi nəticə:
- infeksiyanın olmamasını
- immunitet reaksiyasının inkişaf etmədiyi çox erkən bir dövrü göstərə bilər.
- bundan əlavə, parazit kistlərinin müəyyən lokalizasiyası olan xəstələrdə (məsələn, beyində) zəif immun reaksiya ilə bağlı ola bilər.