Quru ağız və ya kserostomiya , ağzınızdakı tüpürcək vəzilərinin ağzınızı nəm saxlamaq üçün kifayət qədər tüpürcək istehsal etmədiyi bir vəziyətdir. Ağız quruluğu tez-tez müəyyən dərmanların yan təsirləri və ya yaşlanma problemləri və ya xərçəng zamanı istifadə olunan radiasiya terapiyası nəticəsində yaranır.
Tüpürcək bakteriyaların yaratdığı turşuları zərərsizləşdirərək, bakteriya artımını məhdudlaşdırır,qida hissəciklərini yuyaraq dişlərin çürüməsinin qarşısını alır. Tüpürcək dad alma qabiliyyətinizi artırır, çeynəməyi və udmağı asanlaşdırır. Bundan əlavə, tərkibində olan fermentlər həzmə kömək edir.
Ağız quruluğuna nələr səbəb olur?
Ağız quruluğunun səbəblərinə aşağıdakılar daxildir:
Müəyyən dərmanların yan təsirləri. Quru ağız depressiya, narahatlıq, ağrı, allergiya və soyuqdəymə, piylənmə, sızanaqlar, epilepsiya, hipertoniya (diuretiklər), ishal, ürək bulanması, psixotik pozğunluqlar, sidik qaçırma, astma (müəyyən bronxodilatatorlar) və Parkinson xəstəliyi kimi vəziyətlərdə istidadə edilən dərmanların yan təsiri kimi ortaya çıxa bilir.
Müəyyən xəstəliklərin və infeksiyaların yan təsiri. Ağız quruluğu Sjögren sindromu, HİV/QİÇS, Alzheimer xəstəliyi, diabet, anemiya, kistik fibroz, revmatoid artrit, hipertoniya, Parkinson xəstəliyi, insult və parotit kimi tibbi vəziyyətlərin yan təsiri ola bilər.
Müəyyən tibbi müalicələrin yan təsiri. Tüpürcək vəzilərinin zədələnməsi nəticəsində tüpürcək miqdarı azala bilər. Məsələn, zədələnmə baş və boyuna olan radiasiyadan və xərçəng üçün kimoterapiya müalicələrindən qaynaqlana bilər.
Sinir zədələnməsi. Bəzi hallarda ağız quruluğu baş və boyun nahiyəsində olan əməliyat və ya qəza zamanı sinir zədələnməsinin nəticəsi ola bilər.
Dehidratasiya. Hərarət, həddindən artıq tərləmə, qusma, ishal, qan itkisi və yanıq kimi orqanizmin susuzlaşmasına səbəb olan hallar nəticəsində ağızda quruluq yarana bilər.
Həyat tərzi. Siqaret çəkmək və ya nikotin çeynəmək nə qədər tüpürcək ifraz etdiyinizə təsir edə və ağız quruluğunu ağırlaşdıra bilər. Ağızla nəfəs almaq da ağız quruluğunun ağırlaşmasına səbəb ola bilər.