Nevrologiya, mərkəzi və periferik sinir sistemi xəstəlikləri haqqında elmin bir sahəsidir. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur.
Nevrologiya tibbin digər sahələri, neyrocərrahiyyə, oftalmologiya, otolarinqologiya, endokrinologiya, psixiatriya və s. bölmələrlə birbaşa əlaqəlidir. Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir. Diaqnozun dəqiqləşməsində aşağıda qeyd olunan müxtəlif müayinə metodları tətbiq edilir:
Maqnit Rezonans Tomoqrafiya ( MRT) - əsasən, baş beyin və onurğa beynin müayinəsi üçün istifadə edilir. MRT adətən, sinir sisteminin degenerativ və müxtəlif həcmli proseslərinin diaqnostikasında tətbiq olunur.
Kompüter Tomoqrafiyası (KT)-kəllə beyin və onurğa beyni travmalarında daha çox tətbiq olunur. Xüsusilə, MRT müayinəsinə əks göstərişi və klaustrafobiyası olan şəxslərin müayinəsində istifadə edilir. Əsasən təcili vəziyyətlərdə tətbiq edilən bu metod, MRT-yə nisbətən daha tez müayinə aparmağa imkan verir.
Angioqrafiya – Damar rəsmi mənasını bildirir. Bud və ya başqa arteriyalardan kateter vasitəsilə girərək, rentgen kontrast maddədən istifadə nəticəsində damarların rentgenoloji şəkli çəkilir. Yuxarıda sadalanan müayinələrlə birlikdə hal-hazırda tətbiq olunan kontrast maddənin vena daxili vurulması, aorta damarından beyin damarlarına qədər görüntülənməni həyata keçirir. Bu metod vasitəsilə beyni qidalandıran damarların qurluşunu öyrənmək, anevrizma, arterio-venoz malformasiyaları müəyyən etmək mümkündür.
Doppler ultrasonoqrafik müayinə- beyinə gedən yuxu və onurğa arteriyalarında qanın axın surətini təyin etməkdə və aterosklerotik piləklərin aşkar edilməsində xüsusi rol oynayır.
EEQ- elektroensefaloqramma müayinəsi sinir sisteminin funksional aktivliyini təyin edən və epilepsiya diaqnostikasında istifadə edilən əsas metoddur. Lakin EEQ-nin qeyri-spesifik dəyişikləri digər sinir sistemi xəstəliklərində də müşahidə olunur.
ENMQ- elektroneyromiaqrafiya-əzələ və periferik sinir sistemi xəstəliklərində tətbiq edilir.
Audiometriya- eşitmənin müayinəsində tətbiq edilir. Neyro sensor və keçiriçilik kimi karlıqlarda, qulaqda yaranan küydə, başgicəllənmələrdə istifadə olunan metodlardan biridir.
Göz dibi müayinəsi- oftalmoloq tərəfindən aparılan müayinə metodu olub, görmə siniri məməciyinin atrofiyası, durğunluq, kəllə daxili təzyiqin yüksəlməsi əlamətlərini müəyyən etməyə kömək edir.
Bel punksiyası- beyin-onurğa beyni mayesini öyrənmək üçün beldə tətbiq edilən və iynə vasitəsilə mayenin çəkilməsini həyata keçirən metoddur. Bu metod, infeksion xəstəliklər, qanaxma və s. hallarda tətbiq olunur. Texniki yüksəlişə baxmayaraq, bir çox xəstəliklərin diaqnostikasında bel punksiyası əvəzedilməz bir metoddur.
Neyrosonoqrafiya- körpə uşaqların əmgək nahiyyəsindən istifadə edərək, beyin mədəciklərinə və parenximasını müayinə etmək üçün tətbiq edilir. Ultrasəs dalğaları metodun əsasını təşkil edir.
Nevroloji müayinə- kəllə-beyin sinirlərinin, hərəki və hissi pozulmaların, koordinator dəyişikliklərin, ilkin zədələnmə ocağının və bu zədələnmənin əmələ gəlməsinə səbəb olan xəstəliyin müəyyən edilməsində mühüm müayinə üsuludur. Xəstəliyin tarixi ( anamnez) diaqnozun qoyulmasında bəzən yeganə metoddur. Məs: Parkinson xəstəliyi, Alsqymer xəstəliyinin ilk mərhələləri, Miqren və s.
Genetik müayinə metodları- irsi miopatiyalar, irsi ataksiyalar, genetik determinə olunmuş epilepsiyalar, polineyropatiyaların diaqnozunda istifadə olunur. Bu metodlar, gələcəkdə xəstə uşaqların doğulmasının qarşısını alır.
Hansı hallarda nevropatoloqa müraciət edək?
- Başağrıları və başgicəllənmələr;
- Səbəbsiz halsızlıq, ətraflarda keylik hissi, digər hissi pozulmalar;
- Əzələ qüvvəsinin azalması;
- Yerişin dəyişməsi, müvazinət pozğunluğu;
- Ətraflarda qeyri-ixtiyari hərəkətlər, əsmələr;
- Huşun itməsi və qıcolmalar;
- Yaddaş pozulmaları;
- Yuxu pozulmaları;
- İkigörmə;
- Səbəbsiz qusma və s.
Diaqnoz yalnız həkim nəzarəti altında təyin edilməlidir. Sadalanan şikayətlərə, başqa xəstəliklər zamanı da təsadüf edilə bilər. Bu halda əsas xəstəlik müalicə olunmasa aparılan müalicənin effekti nəticə etibarilə aşağı düşür.