Körpələrdən qangötürmə prosesi hər bir valideyn üçün çətin və narahatçılıq doğuran bir prosesdir. Burada əsas məsuliyyət qan götürən tibb bacısının üzərində olsa da, siz də bu prosesin övladınız üçün maksimal rahat olmasını təmin edə bilərsiniz. Çünki uşaqların qangötürmə zamanı ağlamasına səbəb iynənin ağrısı deyil, QORXUdur. Bu qorxunu isə düzgün yanaşma ilə aradan qaldırmaq mümkündür.
1. Həyəcanlanmayın.
Sizin övladığınız keçirdiyiniz bütün emosiyaları hiss edir. Əgər siz gərgin və narahatsınızsa uşaq da narahat olacaqdır. Sizin təşvişli olmağınız həmçinin qan götürən tibb bacısını çaşdıraraq səhv etməsinə səbəb ola bilər. Ona görə siz qan götürülmə zamanı sakit vərahat olmalısınız ki, körpəniz də bunu hiss etsin. Unutmayın, uşaqlar emosional cəhətdən böyüklərdən daha həssasdırlar.
2. Körpənizin sevdiyi bir oyuncağı götürün.
Qangötürülən zaman övladınızın yanında tanıyıb, sevdiyi bir oyuncağın olması stressi azaltmağa kömək edir. Bu onların qorxusunu azaldır və diqqətlərini iynədən yayındırmağa yardımçı olur.
3. Övladınızla açıq danışın.
Əgər uşağa prosedurun tamamilə ağrısız olduğunu desəniz, ağrı hiss etdiyi zaman qorxacaq və sizə daha inanmayacaq. Kiçik bir sancı hiss edə biləcəyini, lakin bunun tez keçəcəyini deyin. Yanında olacağınızı və qan vermənin sağlamlığı üçün vacib olduğunu vurğulayın.
4. Turniket haqqında məlumatlandırın.
Turniket qan götürülməzdən öncə qola bağlanan qalın rezindir. Turniket bağlandıqdan sonra əli yığıb-açmaq xahiş olunur ki, damarlar daha aydın görünsün. Yaşlı insanlar üçün bu adi və az narahat bir prosedur olsa da uşaqlara bu qorxulu gəlir. Bir çox valideynlər uşaqlarına iynə haqqında məlumat versələr də, qola turniket bağlanılacağını deməyi unudurlar, ona görə də uşaq bununla üzləşəndə narahat olub qorxur.
5. Uşağa uzunqol köynək geyindirin.
Bu vacib bir bənddir. Köynək uzunqol olmalıdır ki, iynə yerindən yuxarı qatlana bilsin və turniket dərini çox sıxmasın. Çünki uşaqların dərisi nazik və həssas olur, turniketin qolu sıxması iynədən daha çox uşağı narahat edə bilər. İsti havalarda isə sadəcə turniketin altına qoymaq üçün yumşaq dəsmal götürün.
6. Emla kremi istifadə edin.
Əgər övladınız tez-tez analiz verməyə gəlirsə hər iki qolun qan götürülən səthinə prosedurdan 30 dəq əvəl Emla kremi çəkin. Uzunqol köynək geyindirin ki, kremi əli ilə gözünə və ya ağzına yaymasın. Zədələnmiş dəridə istifadə etməyin. Bu krem köməyilə əgər körpəniz hər dəfə ağrı hissini aradan qaldırmaq mümkündür.
7. Prosedur vaxtı körpənizi tutun.
Körpəniz sizin qucağınızda oturduğu zaman özünü daha əmin və müdafiə olunmuş hiss edəcəkdir. Həmçinin bu şəkildə qangötürülən zaman uşaq kəskin hərəkət etmək istəyərsə qarşısını ala bilcəksiniz.
8. Qangötürüldükdən sonra övladınıza xüsusi qayğı göstərin.
Övladınızın gələn dəfə analiz verməyə rahat gəlməsi üçün analiz verdikdən sonra kiçik bir hədiyyə alın və ya gəzməyə aparın. Beləliklə qanvermə prosesi onun yaddaşında qorxulu bir cəza kimi deyil, xoş təsərrüatlarla qalacaqdır.
QEYD: qan verən zaman bəzən iynə dəriyə daxil olan nahiyədə göyərmə müşahidə olunur ki, bu da pasiyentlərin narahatçılığına səbəb olur.
Göyərmə - qan damarlarının ümumi vəziyyəti, divarların elastikliyi, qalınlığı, yerləşməsi kimi fərdi anatomik və fizioloji xüsusiyyətlərdən asılı ola bilər.
Lakin göyərmənin baş verməsi bir çox hallarda pasiyentin prosedurdan sonra iynə nahiyəsi ilə düzgün davranmaması səbəbindən baş verir.