Hər il dünyada 2.1 million qadın süd vəzi xərçənginə məruz qalır. Baxmayaraq ki, süd vəzi xərçəngi əsasən qadınlarda rast gəlinir, lakin, nadir hallarda kişilər də bu xəstəlikdən əziyyət çəkə bilirlər.
Süd vəziləri simmetrik, döş qəfəsi önündə təxminən 3-c i və 6-cı qabırğa aralığı səviyyəsində yerləşən cüt orqandır. Bir neçə hissələrdən ibarətdir. Süd vəzi xərçəngi süd vəzisinin müxtəlif hissələrindən başlayıb yayıla bilər.
Süd vəzi xərçəngi nədən yaranır?
Bəzən insan orqanizmində digər hüceyrələrə oxşamayan anormal hüceyrələr yaranır. Əksər hallarda bu hüceyrələr immun sisteminin köməyi ilə məhv olunsa da, bəzi hallarda çox sürətlə inkişaf edib çoxalırlar. Bu tip hücüyrələrə xərçəng hüceyrələri deyilir. Bütün orqanlarda yarana bilir və limfa düyünlərinə və ya digər orqanlara qədər inkişaf edib, orqanizmə yayıla bilirlər. Süd vəzisi xüsusi ilə bu tip bədxassəli böyümələrə meyillidir. Xəstəlikdən qorunmaq üçün xəstəliyin risk faktorlarını bilmək çox vacibdir.
Süd vəzi xərçənginin risk faktorları
Süd vəzi xərçənginə səbəb ola biləcək ən böyük faktorlara
- genetik mutasiyalar,
- ailə tarixçəsi,
- yaşlılıq,
- daha öncə xərçəng keçirmə,
- 30 yaşdan öncə radiasiya terapiyası qəbul etmə
- gecikmiş menopauza
- vaxtından tez menstruasiya
aid ola bilər. Bu kimi faktorlar fərdin özündən asılı olmayan faktorlardır.
Lakin,
- yetərincə fiziki aktiv olmama,
- artıq çəki (xüsusi ilə menopausa dönəmində),
- hormonal preparatların nəzarətsiz istifadəsi (oral kontraseptivlər),
- spirtli içki qəbulu,
- süni abort
kimi faktorlar fərdlərin birbaşa özlərindən asılıdır.
Sağlamlığınız qeydinə qalmaq üçün keyfiyyətli həyat tərzi sürməyiniz önəmlidir.
Süd vəzi xərçənginin ilkin diaqnostikası
Süd vəzi xərçəngi zamanı bəzi əlamətlər asanlıqla müşahidə oluna bilər. Lakin unutmaq lazım deyil ki, hər müşahidə oluna bilən əlamət bədxassəli şiş mənasını vermir. Hər bir halda, aşağıda qeyd olunan simptomlardan biri qeyd olunduğu təqdirdə mütləq həkimə müraciət edin:
- Limfa düyünlərinin palpasiya ola bilməsi
- Dəridə gözlə görünən qızarıqlar
- Dərinin elastikliyinin itirilməsi
- Gilənin əlastikliyin itirilməsi
- Qanlı ifrazat
- Selikli ifrazat
- Vəzinin böyüməsi
Özünü qorumağın yolları
- Siqaretdən imtina edin
- Alkoqol istehlakını azaldın
- Oral kontraseptivlərdən imtina edin
- Fiziki aktiv olun
- Yuxunuza nəzarət edin
- Sağlam qidalanın
- Çəkinizi normada saxlayın
- Övladınıza ana südü verin
Əfsuslar olsun ki, hər il dünyada qadın ölümlərinin 15%-i süd vəzi xərçənginin payına düşür. Bəzi hallarda xəstəliyin ilkin mərhələsi simtompsuz keçir. Adətən bu mərhələdə qadınlar heç bir narahatlıq hissi keçirmirlər. Bu səbəblə ilkin diaqnostika üçün check-up müayinələr xüsusilə önəmlidir.