Yod orqanizm üçün önəmli olan tiroid hormonunun əsas komponentidir. Tiroid hormonu qalxanabənzər vəzidə sintez olunur və xüsusilə hamiləlik dövründə və köprə uşaqların inkişafında çox vacib rol oynayır. Tiroid hormonlarının çatışmazlığı zamanı yaranan xəstəliklər hipotireodizm, artıqlığı isə hipertireodizm adlanır.
Hipotireodizm dünyada sıxlıqla rast gəlinən sindromlardan biridir. Adətən inkişafda olan, dəniz sahilindən uzaqda və torpaqda yod miqdarının az olduğu ölkələrdə daha geniş yayılmışdır. Azərbaycanda artıq uzun illərdir ki, duzların yodlaşdırılması sayəsində, bu problem kütləvi şəkildə öz həllini tapıb. Buna baxmayaraq, ölkədə yod çatışmazlığı hallarına rast gəlinir. Əsas simptomlara aiddir:
- Yorğunluq və zəiflik hissi
- Yaddaş pozuntusu
- Dəri quruluğu
- Saçların nazikləşməsi və tökülməsi
- Nəbzin və ürək döyüntülərinin zəifləməsi
- Soyuğa qarşı dözümsüzlük
- Çəki artması
- Menstruasiyanın pozulması
Hipertireodizm qadınlarda daha sıx rast gəlinən autoimmun xəstəlikdir. Bu xəstəlik zamanı orqamizdə tiroid hormonlarının miqdarı normadan artıq olduğuna görə, mübadilə prosesi sürətlənir. Bunun fonunda aşağıdakı simptomlar müşahidə olunur:
- Göz almasının böyüməsi
- Çəkinin itirilməsi, lakin iştahın artması
- Şiddətli tərləmə
- Nəbzin və ürək döyüntülərinin artması
- Yuxunun pozulması
- Əllərin titrəməsi
- Gərginlik və təlaş
- Əsəbilik
- Menstruasiyanın pozulması, hətta kəsilməsi
Bu xəstəliyin əsas səbəblərinə diffuz-toksik zob, qalxanabənzər vəzin xərçəngi, genetik meyillilik, infeksiyon xəstəliklər, autoimmun xəstəliklər və ya yod tərkibli preparatların nəzarətsiz istifadəsi qeyd etmək olar.
Hər iki xəstəliyin ilkin əlamətləri zamanı endokrinoloqa müraciət tövsiyyə olunur.