1 dekabr 2013-cü il tarixində Sağlam Ailə Tibb Mərkəzi və İrəli İctimai Birliyi arasında imzalanmış anlaşma memorandumuna əsasən “103 Təlim Mərkəzi” layihəsi təşkil olunub.
Layihə çərçivəsində Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən İrəli İctimai Birliyinin “Tibb Klubu” nun üzvləri üçün 6 həftə ərzində, həftədə bir dəfə olmaqla seminarlar və praktiki təlimlər keçirilib.
Təlimlər zamanı iştirakçılara ilk tibbi yardım zamanı ürəyin dolayı masajı, süni nəfəsvermə, yanıqlar, yaralar, qanaxmalar, sınıqlar , hipotermiya, istivurma, donvurma, zəhərlənmə, suda boğulma və s. mövzular haqqında ətraflı məlumat verilib.
“103 Təlim Mərkəzi” layihəsinin təşkil olunmasında əsas məqsəd tibbi yardım və onun prinsipləri haqqında məlumat vermək, hər kəsin rast gələ biləcəyi müxtəlif ekstremal vəziyyətlərdə olan ilk yardım qaydalarının öyrədilməsi və praktiki olaraq göstərilməsi, tibbin hal-hazırda ən aktual olan mövzularında gənclərin maarifləndirilməsini təmin etmək olmuşdur.
Layihənin sonunda rəsmi bağlanış mərasimi keçirilib və Sağlam Ailə Tibb Mərkəzi tərəfindən təlimlərdə iştirak edən 30-a yaxın iştirakçıya sertifikat və hədiyyələr təqdim edilib.