15 noyabr 2017-ci il tarixində Bakıda Caspian Energy Forum-un səhiyyəyə həsr olunmuş xüsusi sessiyası (Caspian Energy Medical Forum) təşkil olunub. Biznes-forum Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştiraki ilə keçib. Biznes-forumda çıxış edən Elsevər Ağayev Caspian European Club-un idarə heyətinin üzvlərini salamlayaraq seçkilər münasibətilə onları təbrik edib. O, Klubla dövlət qurumları arasındakı sıx əməkdaşlığın Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərdiyini xüsusilə qeyd edib. “Bizim qapılarımız Azərbaycanın tibb sahəsində fəaliyyət göstərən iş adamlarının üzünə həmişə açıqdır”, - deyə nazir müavini qeyd edib. Elsevər Ağayev həmçinin Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. O, bu günə kimi 875 özəl tibb, 2378 əczaçılıq müəssisəsinə lisenziya verildiyini qeyd edib. Həmin gün Caspian European Club və Caspian American Club-un idarə heyətinə əsas seçkilər keçirilib. Forumda həmçinin Caspian European Club çərçivəsində sahə klublarının rəhbərləri, tibb klubunun prezidenti,Sağlam Ailə Tibb Mərkəzlərinin direktoru Vüqar Eyvazov və maliyyə klubunun prezidenti Anar Bayramov çıxış edərək, iştiraka və Klubun Səhiyyə Nazirliyi ilə təşkil olunmuş ilk görüşünə görə nazir müavininə minnətdarlıq edib. Biznes-forumda Elsevər Ağayevə Caspian European Club və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.