4 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisində Sosial Siyasət komitəsinin, BMT Uşaq Fondunun (UNICEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklərlə mübarizə haqqında” qanunun monitorinqi, “Nikah öncəsi tibbi müayinə” layihəsi ilə bağlı ictimai dinləmələr keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Rauf Əliyev, İlham Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze, Respublika QİÇS Mərkəzinin direktoru Esmira Alməmmədova, Sağlam Ailə Tibb Mərkəzlərinin direktoru Vüqar Eyvazov və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nigar Rüstəmli, Səhiyyə Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının, vətəndaş cəmiyyəti institutlarının və QHT-lərin nümayəndələri çıxış edərək fikir və təkliflərini bildiriblər.
Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nigar Rüstəmli 2010-cu ildən gənclər arasında Nikah öncəsi müayinə mədəniyyətinin təbliği ilə bağlı etdikləri görüş, əldə olunan məlumatlar, statistik göstəricilərlə bağlı məlumatlar qeyd etmişdir.
Dinləmələr zamanı bildirilib ki, 113 ictimai birlik və təşkilatı özündə birləşdirən ARGTMŞ tərəfindən iki il aparılan monitorinq nəticələrinə görə mövcud qanun yüksək səviyyədə hazırlanıb.
Müzakirələrin sonunda yetkinlik yaşına çatmayan şəxslərin valideynlərinin və ya hüquqi qəyyumların iştirakı olmadan tibbi müayinədən keçməyə qadağa qoyulması ilə bağlı yaş həddinin 18-dən 16-ya endirilməsi təklif edilib.