26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərlə “Narkotiksiz gələcək, sağlam gələcək!” adlı maarifləndirici görüş keçirilmişdir.
BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin hesabatına əsasən narkotikdən istifadə ən çox məhz yeniyetməlik dövrünə, 18-25 yaş arasına təsadüf edir. Narkotik istifadəçilərinin yaş həddində müşahidə edilən cavanlaşma zərərli vərdişləri olan yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, əhalini bu təhlükədən qorumaq, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq əsas vəzifələrimizdəndir.
Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə aksiya xarakterli deyil, davamlı sosial siyasətimizin bir parçasıdır.
Bu məqsədlə təşkil olunan görüş zamanı YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Sağlam Ailə Tibb Mərkəzinin həkimi, dosent, t.e.d Rafiq Hüseynzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyev və Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Ayna Rəsulova gənclərə narkotiklə mübarizə tədbirləri, problemin ictimai təhlükəliliyi, narkotik vasitələrin sağlamlığa mənfi təsirləri və digər əlaqəli mövzular haqqında məlumat veriblər.
Görüşün sonunda bütün tədbir iştirakçılarına maarifləndirici materiallar təqdim olunub.
Tədbirlər