27 mart 2014-cü il tarixində Azərbaycanın Ukraynadakı Səfirliyi, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə Ukraynadakı azərbaycanlı gənclərin I Tibb konfransı keçirilib.
Konfransda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Səhiyyə Nazirliyinin Beynəlxalq tədris proqramları idarəsinin rəhbəri Nataliya Morozova, Kiyev Milli Tibb Universitetinin rektoru Katerina Amasova, Ukrayna Milli Tibb Akademiyasının baş elmi katibi Vladimir Mixnov, Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nigar Rüstəmli, Türkiyə, Almaniya, Ukrayna və Fransanın Tibb universitetlərinin azərbaycanlı tələbələri və məzunları, eləcə də Ukraynanın tanınmış tibb alimləri iştirak edib.
Tədbir Heydər Əliyevin Kiyevin mərkəzindəki abidəsini ziyarətlə başlayıb.
Konfransın açılışında çıxış edən UAGB-nin sədri Anar Tahirov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın bir çox ölkələrinin ali tibb ocaqlarında təhsil alan azərbaycanlı tələbə, məzun və tibb mütəxəssisləri arasında əlaqələrin möhkəmləndirilməsi, onlar arasında təcrübə mübadiləsinin aparılması və gələcəyin tibb mütəxəssislərinin Koordinasiya Şurasının yaradılmasıdır.
Tədbirdə Ukraynanın tibb elmləri doktoru Aydın Salmanovun akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Cərrahiyyədə riskin idarə olunması” adlı elmi əsərinin təqdimatı olub.
Konfransa dünyanın müxtəlif ölkələrinin tibb ocaqlarında təhsil alan 150 azərbaycanlı tələbə qatılıb və gün ərzində 3 panel üzrə müzakirələr aparılıb. Panel üzrə aparılan müzakirələrdə tələbələrlə tanınmış tibb mütəxəssisləri arasında fikir mübadilələri olub.