Sitomeqalovirusa qarşı immunoqlobin G– xəstəliyin kəskin mərhələsində  formalaşan və əvvəl keçirilmiş infeksiyanı göstərərn  spesifik antitellərdir. Xəstəliyin  seroloji markerləridir.

Sitomeqalovirus Herpes ailəsinə aid viruslardan biridir.  İnsan yoluxduqdan sonra bütün ömrü boyu qala bilər.  Normal, sağlam immunitetli insanda birincili yoluxma heç bir ağırlaşma olmadan (bəzi hallarda simptomsuz) baş verir. Lakin hamiləlik və immunodefisit hallarda sitomeqalovirus təhlükəlidir.

Sitomeqalovirusla müxtəlif bioloji mayelər vasitəsilə yoluxmaq mümkündür: tüpürcək, sidik, sperma, qan. Həmçinin anadan körpəyə də keçə bilir. Bu zaman həm hamiləlikdə, həm doğuş zamanı,  həm də körpənin ana südü ilə əmizdirilməsi zamanı yoluxma baş verə bilər.

Adətən sitomeqalovirus simptomsuz keçir. Bəzən mononukleozda müşahidə olunan simptomlar burada da təkrarlanır: temperaturun yüksəlməsi, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi.  Kəskin dövrdən sonra virus hüceyrədaxilində inaktiv formada qalır. Lakin əgər orqanizm zəifləsə infeksya yenidən çoxalıb özünü göstərə bilər.

Hamilə qadının CMV ilə birincili yoluxması zamanı 10% hallarda körpədə anadangəlmə qüsurlar müşahidə olunur: mikrosefaliya, serebral kalsifikasiya, səpgilər, dalağın və qaraciyərin böyüməsi. Əksərən intellektin zəifliyi və karlıq da yanaşı gəlir.

  • Analiz dirsək venasından götürülmüş qan nümunəsində yoxlanılır.
  • Analiz üçün xüsusi bir hazırlıq tələb olunmur
  • Hamiləlik zamanı: xəstəliyin simptomları olduqda, dölün inkişaf qüsurları olduqda, skrininq zamanı
  • Immundefisit hallarda
  • Mononukleoz simptomları zamanı ( (Əgər Epşteyn-Bar virusu aşkarlanmamışsa)

 

Müsbət nəticə (hamiləliyədək)

  • CMV ilə yoluxma olub. Ağırlaşma riski minimaldır.

Müsbət nəticə (hamiləlik zamanı)

  • Birmənalı nəticə çıxartmaq olmaz. Xəstəlik tarixi və kliniki mənzərə nəzərə alınmalıdır, digər analizlər də olunmalıdır. Yoluxma hamiləliyin əvvəlində baş vermişsə döl üçün təhlükə törədə bilər.

Mənfi nəticə

  • CMV ilə yoluxma olmayıb.
  • Yoluxmadan  2-3 həftədən çox keçməyibsə neqativ cavab alına bilər. Bu variantı istisna etmək üçün 2 həftə sonra təkrar analiz verilməlidir.