IGFBP-3 (IGF-i birləşdirən zülal)

45 Azn

IGFBP-3 səviyyəsinin qiymətləndirilməsi — böyümə hormonuna bağlı xəstəliklərin diaqnostikasında istifadə olunan laborator testdir.

İnsulinə bənzər böyümə faktoru ilə birləşən zülal-3 (IGFBP-3) — insan serumunda insulinə bənzər böyümə faktorları 1 və 2 (IGF-1 və IGF-2) üçün əsas daşıyıcı zülaldır.

IGFBP-3 — hüceyrə böyüməsinin tənzimlənməsində iştirak edən bir peptiddir. Qandakı IGF-1-in 95%-dən çoxu daşıyıcı zülallarla birləşmiş formada olur və bu zülallar 6 sinfə bölünür. Onlardan ən əhəmiyyətlisi IGFBP-3-dür. Bu zülal həm IGF-1, həm də IGF-2 ilə eyni gücdə bağlanma qabiliyyətinə malikdir.

IGFBP-3 sintezini əsasən böyümə hormonu tənzimləyir. Böyümə hormonunun çatışmazlığı zamanı IGFBP-3 səviyyəsi aşağı olur. Böyümə hormonunun reseptorlarının çatışmazlığı (Laron sindromu, qaraciyər xəstəlikləri, anti-GH antitellərin mövcudluğu, aclıq halları) zamanı da, hətta böyümə hormonunun yüksək konsentrasiyası olsa belə, IGFBP-3 səviyyəsi aşağı olur.


IGFBP-3-in bioloji variasiyası
Böyümə hormonundan fərqli olaraq, IGFBP-3 qanda stabil qalır, çünki böyümə hormonu gün ərzində epizodik olaraq ifraz olunur və səviyyəsi çox dəyişkəndir. IGFBP-3-in səviyyəsinin ölçülməsi üçün farmakoloji testlərə ehtiyac yoxdur.

IGFBP-3-in miqdarı IGF-1 ilə müqayisədə yaşdan daha az dərəcədə asılıdır. Bu zülalın miqdarı uşaqlarda və yeniyetmələrdə artır, ən yüksək səviyyəsi isə adətən 14–16 yaş aralığında müşahidə olunur. Yetkinlik yaşına çatdıqdan sonra miqdarında tədricən azalma olur. Yaşla yanaşı, IGFBP-3 səviyyəsinə cinsi inkişaf, qidalanma, qaraciyər və böyrək funksiyası da təsir göstərir.

  • Analiz səhər saatlarında acqarına verilməlidir.
  • Son qida qəbulu ilə qan götürülməsi arasında minimum 8 saat keçməlidir.
  •  Qazsız və şəkərsiz su içmək olar.
  • Analizdən əvvəlki gün fiziki və emosional gərginlik, idman, siqaret və digər stimullaşdırıcı təsirlərdən uzaq durmaq lazımdır.
  • Uşaqlarda böyümə pozuntularının diaqnostikası
  • Akromeqaliya və nəhənglik sindromunun diaqnostikası və müalicə izlənməsi
  • Böyümə hormonu ilə aparılan müalicənin monitorinqi