Статьи

Burun qanaxması

Sadə dillə desək, burun qanaması burnunuzun içini əhatə edən toxumadan qan xaric olmasıdır.

Burun qanamaları (epistaxis) geniş yayılmışdır. İnsanların təxminən 60%-i ömrü boyunca ən azı bir dəfə burun qanaması keçirir. Burunun üzün ortasında yerləşməsi və burnunuzun selikli qişasında səthə yaxın çoxlu sayda qan damarının olması onu yaralanma və burun qanaxmaları üçün asan bir hədəf halına gətirir.

Burun qanamaları ciddidirmi?

Burundan qan gəldiyini görmək həyəcan verici olsa da, əksər burun qanamaları ciddi deyil və ev şəraitində nəzarət altına alına bilər. Ancaq bəzi burun qanaxmaları mütəxəssis tərəfindən yoxlanılmalıdır. Məsələn, tez-tez burun qanamalarınız varsa, həkiminizə müraciət etmək mütləqdir. Bu, araşdırılmalı olan digər tibbi problemlərin erkən əlaməti ola bilər. Burun arxasında bir neçə növ burun qanaması başlaya bilər. Bu burun qanamaları tez-tez böyük qan damarları tərəfindən baş verir, ağır qanaxmaya səbəb olur və təhlükəli ola bilər. Xüsusilə qanaxma zədədən sonra baş veribsə və burnunuza təzyiq tətbiq edildikdən sonra 20 dəqiqə ərzində qanaxma dayanmayıbsa, bu cür qanaxma üçün mütləq tibbi yardıma ehtiyacınız vardır.

Burun qanaxmasının növləri nələrdir?

Burun qanaxmalarının növləri, qanaxmanın yeri ilə xarakterizə olunur. İki əsas növü vardır:

Anterior(ön) burun qanaması burnun iki tərəfini (septum adlanır) ayıran divarın aşağısında, burnun ön hissəsindən başlayır. Burnun bu hissəsindəki kapilyarlar və kiçik qan damarları həssasdır və asanlıqla cırıla və qanaya bilər. Bu burun qanamasının ən çox yayılmış növüdür və adətən ciddi deyil. Bu burun qanamalarına daha çox uşaqlarda rast gəlinir və adətən evdə müalicə oluna bilir.

Arxa burun qanaması burnun dərinliklərində baş verir. Bu burun qanaması, burnun arxa hissəsində, boğaza yaxın olan böyük qan damarlarının qanaxması nəticəsində yaranır.Ön burun qanamasından daha ciddi bir vəziyyətdir. Boğazın arxasına axan ağır qanaxma ilə nəticələnmə ehtimalı vardır. Adətən yetkin yaşlı insanlarda rast gəlinən bu tip burun qanaması üçün dərhal tibbi yardıma ehtiyac duyula bilər.

Burun qanaması kimlərdə rast gəlinə bilər?

Burun qanaxması hər kəsdə rast gəlinə bilər. Lakin bəzi insanlarda bir dəfədən çox təkrarlanır.

  • 2-10 yaş arası uşaqlar. Quru hava, soyuqdəymə, allergiya, barmaqların və əşyaların buruna salınması səbəbindən uşaqlar burun qanaxmasına daha çox meyilli olurlar.

  • 45-65 yaş arası böyüklər. Orta yaşlı və yaşlı insanlarda qanın laxtalanması daha uzun vaxt ala bilər. Onlarda həmçinin qan durulaşdırıcı dərmanların istifadəsi (məsələn, gündəlik aspirin istifadəsi), yüksək qan təzyiqi, ateroskleroz (damar divarlarının sərtləşməsi) və ya laxtalanma kimi problemlər daha çox rast gəlinit
  • Hamilə qadınlar. Hamiləlik dövründə burundakı damarlar genişlənir, bu da burun qişasının zərif damarlarına daha çox təzyiq göstərir.
  • Aspirin və ya varfarin kimi qan durulaşdıran dərmanlar qəbul edən insanlar.
  • Hemofiliya və ya von Willebrand xəstəliyi kimi qan laxtalanma pozğunluğu olan insanlar.

Burun qanamasına nə səbəb olur?

Burun qanamasının bir çox səbəbi vardır ki bunların bir çoxu ciddi deyil.

Burun qanamasının ən çox görülən səbəbi quru havadır. Quru havaya isti, aşağı rütubətli iqlim və ya isidilmiş daxili hava səbəb ola bilər. Hər iki mühit burnunuzun selikli qişasının (burnunuzun içindəki zərif toxuma) qurumasına, qabıqlanmasına və ya çatlamasına səbəb olur, bu da burnunuzu ovuşdurarkən  qanaxma şansını artırır.

Burun qanamasının digər ümumi səbəblərinə aşağıdakılar daxildir:

  • Burun qarışdırma.
  • Soyuqdəymə (yuxarı tənəffüs yollarının infeksiyaları) və sinüzit, xüsusilə təkrarlanan asqırma, öskürək və burunla yüksək təzyiqli üfürmə.
  • Buruna zərbə.
  • Buruna hər hansı əşya salınması.
  • Burun və/və ya üz zədələnməsi.
  • Allergik və qeyri-allergik rinit (burun selikli qişasının iltihabı).
  • Qan durulaşdıran dərmanlar (aspirin, steroid olmayan antiinflamatuar preparatlar, warfarin və s.).
  • Kokain və digər narkotikləri qoxladıqda.
  • Kimyəvi qıcıqlandırıcılar (təmizləmə vasitələrinin tərkibindəki kimyəvi maddələr, iş yerindəki kimyəvi buxarlar, digər kəskin qoxular).
  • Yüksək hündürlük. Hündürlük artdıqca hava daha yüngül (oksigen çatışmazlığı) və daha quru olur.
  • Deviasiya edilmiş septum (burnun iki tərəfini ayıran divarın anormal forması).
  • Qaşıntı, axan və ya burun tıxanıqlığını müalicə etmək üçün burun spreylərinin və dərmanların tez-tez istifadəsi. Bu dərmanlar - antihistaminiklər və dekongestanlar – burun membranlarını quruda bilər.

Burun qanamasının digər daha az rast gəlinən səbəbləri bunlardır:

  • Alkoqol istifadəsi.
  • Hemofiliya və ya von Willebrand xəstəliyi və ya leykemiya kimi qanaxma pozğunluqları.
  • Yüksək qan təzyiqi.
  • Ateroskleroz.
  • Üz və burun əməliyyatı.
  • Burun şişləri.
  • Burun polipləri.
  • İmmun trombositopeniya.
  • İrsi hemorragik telangiektaziya.
  • Hamiləlik.

Burun qanamasını necə dayandırmaq olar?

Burun qanamasını dayandırmaq üçün bu addımları yerinə yetirin:

  • Özünüzü rahat saxlayın.
  • Dik oturun və bədəninizi və başınızı bir az irəli əyin. Bu, ürəkbulanma, qusma və ishala səbəb ola biləcək qanın boğazınızdan aşağı axmasına mane olacaq. (Düz uzanmayın və başınızı ayaqlarınızın arasına qoymayın.)
  • Ağzınızdan nəfəs alın.
  • Qanı tutmaq üçün salfet və ya nəmli dəsmaldan istifadə edin.
  • Burnunuzun yumşaq hissəsini bir-birinə sıxmaq üçün baş və şəhadət barmağınızdan istifadə edin. Burnun yumşaq hissəsini burun körpüsünü meydana gətirən sərt sümük silsiləsinə sıxdığınızdan əmin olun. Burnun sümüklü hissəsində və ya yuxarıda sıxmaq qanaxmanın dayandırılmasına kömək edə biləcək təzyiq yaratmayacaq.
  • Qanamanın dayanıb-dayanmadığını yoxlamadan əvvəl ən azı 5 dəqiqə (saatla hesablanmış) davamlı olaraq burnunuzu sıxın. Əgər burnunuz hələ də qanaxırsa, burnunuzu daha 10 dəqiqə sıxmağa davam edin.
  • Qan damarlarını daha da daraltmağa kömək etmək (qanaxmanı yavaşlatacaq) və rahatlıq təmin etmək üçün burnunuzun körpüsünə buz paketi qoyun. Bu zəruri addım deyil, istəyə bağlıdır.
  •  
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi