Bu yenilik psixi sağlamlıq problemlərinə yanaşmada fərqli bir baxış bucağı təqdim edir. 9 aprel 2025-ci il tarixində Kolumbiyada müalicəyə və dərmanlara cavab verməyən depressiya diaqnozu qoyulmuş bir xəstəyə ilk dəfə cərrahi müdaxilə tətbiq olunub. Pasiyent 27 yaşlı xanım olub, artıq 10 ildir ki, depressiya,narahatlıq və təşviş pozuntusundan əziyyət çəkirdi. Əməliyyat zamanı "Dərin Beyin Stimulyasiyası" (Deep Brain Stimulation) adlanan neyrocərrahi prosedur həyata keçirilib. Qeyd etmək lazımdır ki, bu üsul daha əvvəl digər nevroloji xəstəliklər zamanı hərəkət pozğunluqları ilə müşayiət olunan hallarda tətbiq olunub. Lakin depressiyanın müalicəsində bu metod ilk dəfə istifadə edilir.
Əvvəlcə, Dərin Beyin Stimulyasiyası metodunu aydınlaşdıraq.
DPS beyin toxumasına implantasiya edilmiş elektrodlar və elektrik stimulyasiyasından istifadə edən neyrocərrahi prosedurdur.
Əməliyyat öncəsi dövr: Prosedur öncəsi xəstə kompleks şəkildə(nevroloji, psixi və ümumi sağlamlıq vəziyyətinə görə) qiymətləndirilir. MRT və KT kimi instrumental müayinələr ilə beyinin görüntülənməsi həyata keçirilir. Bu yerləşdiriləcək elektrodlara daha optimal yerlərin təyin edilməsi üçün əhəmiyyətlidir.
Əməliyyat dövrü: Başın hərəkətsiz qalması təmin edilir. Əməliyyat yerli anesteziya ilə həyata keçirilir və adətən pasiyent oyaq olur. Bu, stimulyasiyanın təsirinin real vaxtda qiymətləndirilməsinə imkan verir.
Elektrodlar incə naqil formasında olub beyinin öncədən təyin edilmiş hissələrinə yerləşdirilir. Yerləşdikdən sonra düzgün yerdə olmasını təyin etmək üçün xəstənin cavab reaksiyalarına baxılır.
Dərin Beyin Stimulyasiyası prosedurunda işləmə prinsipi elədir ki,elektrodların elektrik siqnalları almaq və fəaliyyətə keçməsi üçün implus generatoruna(sadə dildə desək,kiçik bateriyaya) ehtiyacı vardır. Bu enerji mənbəyi generator körpücük sümüyünün yaxınlığında dəri altında yerləşdirilir.
Uğurlu DBS üçün elektrodların dəqiq yerləşdirilməsi və generatorun düzgün tənzimlənməsi vacibdir.
Əməliyyat sonrası dövr: Əməliyyatdan bir neçə həftə sonrasında implus generatoru aktivləşdirilir. İmpus tezliyi xəstənin xəstəlik dərəcəsinin ağırlığına görə dəyişir,optimal formanın tapılması adətən 1 aya qədər davam edə bilər. Bateriyanın ömrü istifadə tezliyindən və cihaz tənzimləmələrindən asılıdır. Əgər bateriya tükənərsə ambulator şəkildə sadə prosedurla dəyişdirilir.
Bərpa müddəti:Əksər xəstələr əməliyyatdan qısa müddət sonra normal həyatlarına qayıda bilərlər, lakin tam bərpa və sistem parametrlərinin optimallaşdırılması bir neçə ay çəkə bilər. Xəstələri mütəmadi olaraq izləmək və lazım gəldikdə sistem parametrlərini yenidən konfiqurasiya etmək vacibdir.
Diqqət:Dərin beyin stimulyasiyası xəstəliyi tam müalicə etmir, lakin simptomların azaldılmasına kömək edə bilər. Əlamətlərin tam yox olması nadirdir və bəzi hallarda dərmanlar hələ də lazım ola bilər. Müalicənin effektivliyi fərdi faktorlardan asılıdır.
Kolumbiyada Depressiyaya Qarşı İlk DBS Əməliyyatı
Rodrígez adlı 27 yaşlı xanım pasiyent on ildən artıq müddətdə müxtəlif terapiyalar, dərmanlar və alternativ müalicə üsullarını sınaqdan keçirsə də, heç bir nəticə əldə edə bilməmişdi. Hətta bir müsahibəsində bildirib ki, bədəni bir çox dərmanları qəbul etmədi və həm fiziki, həm də emosional olaraq tükəndi.
Vəziyyəti daha da pisləşmişdi və 2024-cü ilin dekabrında onu emosional olaraq tam tükəndirən ağır bir epizod yaşamışdı.Məhz o zaman Kolumbiyada indiyədək bu diaqnoz üçün tətbiq olunmamış bir müalicə variantı haqqında məlumat aldı.
Mürəkkəb əməliyyata neyrocərrah Dr. Uilyam Kontreras rəhbərlik etmiş, komandaya nevroloqlar, psixiatrlar, neyropsixoloqlar daxil olmuşdur.
Rodrígez altı saat davam edən əməliyyat boyunca tam ayıq vəziyyətdə qalmışdı və bu təcrübəni qeyri-adi təsvir etmişdi:
“Əməliyyat zamanı altı saat oyaq idim. Bu, real həyatın da fövqündə idi. Özümü sanki beynim yenidən proqramlaşdırılırmış kimi hiss etdim.”
Əməliyyatdan üç ay sonra pasiyent gündəlik həyatında əhəmiyyətli dəyişikliklər hiss etməyə başlayıb. Dünya ilə yenidən əlaqə qurmaq motivasiyası tədricən geri qayıdıb:“Yenidən alış-veriş mərkəzinə getmək istədim, dondurma yemək istədim. Yenidən makiyaj etməyə, həyəcanla geyinməyə başladım. Elə bil ikinci bir şans verilmiş kimiyəm,”-deyə bölüşür.
Onun bərpası davam edir, lakin artıq atılan bu addım psixi sağlamlıq sahəsində irəliləyişin məqsədyönlü bir yolda olduğunu göstərir.