Медицинская информация

TSH nədir? TSH yüksəkliyi nə mənaya gəlir?

 

TSH -Tiroid stimulladırıcı hormon, beyinin aşağısında, sinus ciblərinin arxasında yerləşən, hipofiz adlanan kiçik bir orqan tərəfindən ifraz olunur. TSH qalxanabənzər vəzdə yerləşən reseptorlarla birləşərək  onu stimullaşdırır, tiroksin (T4)triyodtironin (T3) hormonlarının qana ifrazını təmin edir. Qalxanabənzər vəzi, kiçik kəpənək formalı vəzi olub boğazda, nəfəs borusunun önündə yerləşir.

T4 və T3 orqanizmimizin maddələr mübadiləsinin sürətini kontrol edir. Qalxanabənzər vəzidə T4 hormonu daha çox ifraz olunmasına baxmayaraq nisbətən inaktiv vəziyyətdədir, lakin qaraciyər və digər toxumalarda daha aktiv forma olan T3 ə çevrilir.

 TSH, hipotalamusdan gələn tireotrop relizinq hormon(TRH)  ilə requlyasiya olunaraq qalxanabənzər vəzi hormonlarının stabil şəkildə qana ifraz olunmasını təmin edir.

Qanda qalxanabənzər vəzi hormonlarının miqdarı azaldıqda, xəbərdaredici hormon olan TRH-a əsaslanaraq hipofiz daha çox TSH ifraz edir. TSH qalxanabənzər vəzi daha çox T3 və T4 istehsal və ifrazı üçün stimullaşdırır.

Qalxanabənzər vəzi hormonları qanda yüksəldikdə, hipofiz vəzi daha az TSH ifraz edir və buna bağlı olaraq T3 və T4 ifrazı da azalır.

Bu 3 orqan ( hipotalamus, hipofiz və qalxanabənzər vəz)  normal işlədikdə tiroid hormonların miqdarı qanda nisbətən stabil olur .

TSH səviyyələri gün ərzində müəyyən ritmdə dəyişir. Sağlamlıq problemi olmayan şəxslərdə yuxu vaxtına yaxın yüksəlməyə başlayır və səhər erkən saatlarında maksimum səviyyəsinə çatır. Növbəti saatlarda enməyə başlayan TSH səviyyəsi günorta saatlarında minimum səviyyəyə çatır.

Tiroid hormonlarının istehsalı üçün yod lazımdır. Tiroid, bədəndə hormon ifraz edən digər orqanlar və vəzilər arasında hormon sintezi üçün yod lazım olan yeganə vəzidir. Yod qəbulu müxtəlif qidaların və xüsusən xörək duzunun qəbulu nəticəsində baş verir. Gündəlik yod ehtiyacının 10% -i içməli sudan təmin edilir.

Tiroid vəzindən ifraz olunan T3 və T4 bədəndəki bir çox metabolik tənzimləmələrdə iştirak edir. Tiroid hormonları körpəlikdə beyinin  inkişafı və böyüməsi üçün lazımdır. Yetkin fərdlərdə tiroid hormonu səviyyəsinin aşağı olması nəticəsində maddələr mübadiləsi ləngiyir, çəki artır və insanın qan dövranındakı yağ molekullarında artım olur. Həddindən artıq yuxululuq da bunun üçün  tipikdir. Tiroid hormonlarının çatışmazlığı cinsi funksiyaları da mənfi təsir edir və hər iki cins üçün cinsi istəkdə azalmaya səbəb olur.

 

Tiroid hormonlarının çoxluğu uşaqlıqda baş verirsə qısaboyluq yaranır, yetkinlərdə isə sürətli kilo itkisi, istiyə qarşı tolerantlığın azalması, həddindən artıq tərləmə, oksigen ehtiyacının artması, ürək döyüntüsünün sürətlənməsi, həddindən artıq qıcıqlanma və narahatlıq kimi simptomlarla özünü göstərir.

TSH yüksəkliyi nə mənaya gəlir?

TSH səviyyəsi yüksək ikən qanda tiroid hormonunun az olması, vəzin stimullaşdırılmasına baxmayaraq öz funksiyasını yerinə yetirə bilmədiyini göstərir. Hipotireoz deyilən bu vəziyyət bütün orqanizmə təsir edir və maddələr mübadiləsi yavaşlayır. İlkin mərhələdə heç bir aşkar simptom olmadan irəliləyən xəstəlik zaman keçdikcə piylənmə, oynaq ağrısı, sonsuzluq və ya ürək xəstəliklərinə zəmin yaradır. Depressiya və yaddaş itkisi kimi nevroloji simptomlara, həmçinin saçların zəifləməsinə və qadınlarda aybaşı dövrlərində dəyişikliklərə səbəb ola bilər. Bu müxtəlif səbəblərdən baş verə bilər:

  • Xaşimoto tirioditi
  • Tiroid əməliyyatı
  • Boyuna radioaktiv yod və ya radiasiya müalicəsindən sonra
  • Bəzi hallarda hamiləlikdən sonra görülən postpartum tiroidit
  • Viruslarla əlaqəli xəstəliklər nəticəsində

Nadir olsa da, həyati təhlükə yaradan bir vəziyyət olan miksodema, uzun müddət diaqnoz qoyulmayan və müalicə olunmayan hipotireoz xəstələrində ola bilər. Bu vəziyətdə maye toplanması xüsusilə dəri, ürək əzələsi və zolaqlı əzələlərdə özünü göstərir.

TSH azlığı nə deməkdir?

Hipofizdən ifraz olunan az miqdarda TSH tiroid vəzinin həddindən artıq işləməsi ilə əlaqədar olaraq TSH istehsalının azalması zamanı baş verə bilər. Hipertiroidizm deyilən bu vəziyyətdə, azalmış TSH-a əlavə olaraq yüksək T4 və T3 səviyyələri aşkar olunur . Həddindən artıq tiroid hormonu istehsal etdiyi üçün maddələr mübadiləsi sürətlənir.

İştahanın artması, ürək döyüntülərinin artması və əsəbilik kimi simptomlar meydana gəlir. Əllərdə və barmaqlarda titrəmə, tərləmənin, bağırsaq hərəkətlərinin artması və əzələ zəifliyi müşayiət edə biləcək digər simptomlardır. Eyni zamanda, həddindən artıq işləyən tiroid vəzinin böyüməsi ilə boğazda şişlik meydana gələ bilər.

Həddindən artıq tiroid hormonu sintezi nəticəsində aşağı TSH-yə səbəb olan vəziyətlər:

 

  • Graves xəstəliyi
  • Tiroid düyünləri
  • Çox yod qəbulu

 

Graves xəstəliyində, insanın öz immun sisteminin tiroid vəzinə hücum etməsi nəticəsində tiroid vəzi çox hormon istehsal edir. Bu adətən ailədən keçən bir xəstəlik olubhipertiroidizmin ən çox rast gəlinən səbəbidir. Tiroid əlamətlərinə əlavə olaraq xəstə insanlarda müxtəlif göz pozğuntuları da olur. Gözlərdə quruluq, sancma hissi, işığa həssaslıq, ikili görmə və göz arxasında təzyiq hissi ən çox görülən göz şikayətidir.

Tiroid vəzində böyüyən hüceyrə qrupları düyünlər meydana gətirir və bədənin ehtiyac duyduğundan daha çox tiroid hormonu ifrazına səbəb olur.

Yod qəbulunun qidalar və ya müxtəlif dərmanlar səbəbindən artdığı hallarda, tiroid vəzi həddindən artıq işləyə bilər və hipertiroidə səbəb ola bilər.

Qan dövranında həddindən artıq tiroid hormonunun olması nəticəsində tirotoksikoz meydana gəlir. Hipertrioid əlamətlərinin daha ağır formasıdır. Yüksək hərarət, qeyri-adi dərəcədə sürətli ürək vurğuları və hərəkər pozğunluqları meydana gəlir. Ölümcül ola biləcəyi üçün tez bir zamanda diaqnoz və müalicə vacibdir.

Aşağı TSH, hər hansı bir səbəbdən hipofiz vəzinin zədələnməsi nəticəsində də baş verə bilər. Hipofizin zədələnməsindən  sonra TSH ifraz edə  bilməməsi nəticəsində tiroid vəzinin stimullaşdırılması baş vermir və belə hallarda hipertireoz əvəzinə hipotireoz simptomları meydana gəlir.

TSH analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.az saytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.