Müayinələr
Müayinələr
Vitamin D bioloji aktiv maddələr qrupudur və orqanizmin bir çox həyati funksiyalarında iştirak edir. Əsas iki forması vardır: xolekalsiferol (D3) və erqokalsiferol (D2). Xolekalsiferol insan dərisində günəş şüalarının, yəni ultrabənövşəyi B (UVB) şüalarının təsiri ilə sintez olunur, eyni zamanda bəzi qidalar vasitəsilə də qəbul edilir. Erqokalsiferol isə yalnız qida yolu ilə orqanizmə daxil olur.
Orqanizmə daxil olan və ya dəridə sintez olunan vitamin D, ilk olaraq qaraciyərdə 25-hidroksivitamin D [25(OH)D] formasına çevrilir, bu, qanda ölçülən əsas metabolitdir. Daha sonra 25(OH)D-nin az bir hissəsi böyrəklərdə ikinci hidroksiləşməyə məruz qalaraq 1.25(OH)₂ D, yəni hormon səviyyəsində aktiv formaya çevrilir. Bu aktiv forma əsasən kalsium və fosfor mübadiləsinin tənzimlənməsində mühüm rol oynayır.
Vitamin D çatışmazlığı müxtəlif səbəblərlə bağlı ola bilər: qeyri-kafi günəş şüası qəbulu, düzgün qidalanmamaq, malabsorbsiya sindromları, böyrək və qaraciyər xəstəlikləri və s. Bu çatışmazlıq uşaqlarda rəxit xəstəliyinə səbəb ola bilər ki, bu zaman sümüklərin inkişafı pozulur və əyilmə halları müşahidə olunur. Böyüklərdə isə bu problem osteomalasiya, yəni sümük yumşalması ilə özünü göstərir.
Bundan əlavə, son illərdə aparılan elmi tədqiqatlar sübut edib ki, vitamin D səviyyəsinin normal olması yalnız sümük sağlamlığı üçün deyil, həm də ümumi immun sisteminin gücləndirilməsi baxımından vacibdir. Vitamin D çatışmazlığı, onkoloji xəstəliklər, şəkərli diabet, skleroz, ürək-damar xəstəlikləri və vərəm kimi bir sıra ciddi xəstəliklərin riskini artırır.
Vitamin D nə qədər faydalı olsa da, normadan artıq qəbul edildikdə ciddi toksiki təsirlər yarada bilər. Xüsusilə uzun müddət yüksək dozada qəbul edildikdə və ya həkim məsləhəti olmadan əlavələrdən istifadə olunduqda bu risk artır. Vitamin D intoksikasiyası aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
- Hiperkalsemiya (qanda kalsiumun artması)
- Hiperfosfatemiya (qanda fosfor səviyyəsinin yüksəlməsi)
- Toxumalarda kalsium yığılması
- Ürəkbulanma, qusma, iştahsızlıq, qəzəbilik və zəifləmə
Uşaqlarda isə bu hal böyümə və fiziki inkişafın ləngiməsinə səbəb ola bilər. Buna görə də vitamin D müalicəsi və əlavələri yalnız qanda 25(OH)D səviyyəsinin ölçülməsi və həkim təyinatı əsasında həyata keçirilməlidir.
Müayinələr