AllerqologiyaAllerqologiya

Ümumi məlumatMüalicəHəkimlər

Allergiya - orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır. Hər insanın bədənində İgE adlanan antitel istehsal edilir.

Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.

Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır.

 Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quşlələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.

Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü biruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.

Məişət allergiyası.

Allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Bu, immun sisteminin patalogiyasıdır. Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.

Daxil olan allergenlərə qarşı orqanizmin hasil etdiyi əks-cisimlər allergenləri tutaraq, antigen - antitel kompleksi əmələ gətirir. Həmin kompleks orqanizmdə bioloji fəal maddələrin (histamin, serotonin, asetilxolin, prostaqlandinlər, kininlər və s.) ifrazına səbəb olur ki, bu da allergik xəstəlik üçün zəmin yaradır.

Tənəffüs və qida ilə, habelə parenteral yolla orqanizmə daxil olmuş hər bir allergen antigen-antitel kompleksi əmələ gətirə bilər. Bu kompleks qan dövranında əmələ gəlirsə, sürətli allergiya reaksiyaları - anafilaktik şok, serum xəstəliyi, bronxial astma, övrə, Kvinke ödemi və s. baş verir. Hüceyrə ilə əlaqədar ləng gedişli allergik reaksiyalara isə allergik kontakt dermatiti, toksik allergik dermatit, bakterial allergiya, transplantatın ayrılma reaksiyası, autoallergik xəstəliklər və s. aiddir.

Allergiyanın müalicəsinin əsas prinsipi ilk növbədə allergenlə olan təmasın (əlbəttə ki, diaqnoz dəqiq şəkildə müəyyən edildikdən sonra) qarşısını almaqdan ibarətdir.

Bir çox hallarda bunu etmək o qədər də asan olmur, bəzi hallarda isə sadəcə olaraq,  mümkün olmur. Məsələn, bitkilərin aktiv şəkildə çiçəkləndiyi dövrdə onların tocuqları ilə təmasdan qaçmaq olmur. Buna baxmayaraq, demək olar ki, hər bir halda bu allergenlərin konsentrasiyasıyasını (miqdarını) azaltmaq (məsələn, məişət tozu), və onlardan (məsələn, ev heyvanları) ümumiyyətlə qurtulmaq olar

Allergiyanın kəskinləşməsi zamanı müalicəsi üçün müxtəlif dərman preparatlarından (antihistamin preparatları, kortikosteroidlər və s.) istifadə olunur. Bu preparatların bəziləri allergiyaların istənilən formalarında, digərləri isə - yalnız müəyyən simptomlara qarşı (məsələn, bronxial astma xəstəliyində) tətbiq edilir.

Qida allergiyası. Qida allergiyası zamanı müxtəlif qida məhsullarından bədəndə səpmə, qızarma, şişmə, boğulma halları baş verir. Meyvə-tərəvəz, bostan bitkilərindən, sitrus meyvələrindən, süd, bal, bişmiş yeməklərdən, şirniyyat məhsullarından və digər qida məhsullarından bu xəstəliyə tutulmaq mümkündür. Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır. Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri – süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır. Yerfındığına qarşı allergiyası olanlarda paxlalılar fəsiləsinin digər məhsullarına – məsələn, noxud, soya paxlası, mərcimək və s. qarşı da allergiya ola bilər. Yemişə qarşı allergiyası olanlarda zamanla xiyar və balqabağa qarşı da allergiya yarana bilər. Həmin qayda ilə krevetlərə allergiyası olanlar yengəclərə (krablara) qarşı da həssaslaşırlar.

Qida allergiyasının simptomları

Allergik reakisyalar adətən qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra başlayır və iki saata qədər müddətdə yarana bilər. Lakin allergiyanın ağır formasına düçar olanlarda yeməyə toxunmaq və ya onun iyini hiss etməklə də allergik reaksiya yaranır. Səciyyəvi erkən simptomlar – dodaqlar, ağız boşluğu və ya boğazın şişməsi və qaşınmasıdır. Qıcıqlandırıcı yeməklər qida yollarına düşərək ürəkbulanma, öyümə, qusma, bağırsaq sancıları və ishal törədə bilər. Həmçinin bəzən qaşınma, övrə, ekzema və dəri qızarmasına səbəb olur.

Əgər əsl qida allergiyası aşkar edilibsə, həmin allergeni tamamilə istisna etməklə xüsusi pəhriz tövsiyə edilir. Bir neçə həftə ərzində bu cür (adətən düyü, salat və almanın daxil edildiyi) hipoallergen pəhrizə mütləq riayət etmək lazımdır. Müəyyən vaxtdan sonra pəhrizə digər məhsullar da əlavə etmək, sonra allergiya yaradan həmin allergeni daxil etmək olar. Əgər onu daxil etdikdə yenidən allergiya yaranarsa, başlanılan pəhrizi davam etdirmək lazımdır. İstənilən elminasiyalı pəhriz (allergen məhsulların istisna olduğu pəhriz) yalnız həkimin icazəsi və diyetoloqun nəzarəti altında aparıla bilər. Hətta bu cür pəhriz zamanı da orqanizmə lazım olan bütün maddələr qəbul olunmalıdır. Həkim allergen məhsulları, tərkibində həmin qidalı maddələr və vitaminlər olan məhsulları başqaları ilə əvəz edəcək. Heç vaxt rasiondan xüsusən də azyaşlı uşaqlar, yaşlı və xəstələrin menyusundakı bütün qrup məhsulları eyni zamanda bir neçə həftəlik çıxarmaq düzgün deyil

Dərman allergiyası.

Allergik xəstəliklər arasında ən təhlükəlisi dərman allergiyasıdır. Bu xəstəlik hazırda ən ciddi problemlərdən birinə çevrilmişdir. Dərman allergiyası dəridə baş verən səpki və qızarmadan tutmuş boğulma və ölüm hallarına qədər ən ağır fəsadlar törədə bilir. Bu xəstəlik əsasən həkimin təyinatı olmadan özbaşına dərman qəbul edildiyi, orqanizmdə digər xəstəliklər olduğu halda və onlar nəzərə alınmadan həblər qəbul edildiyi zaman baş verir. Belə vaxtda xəstə anofilaktik şok vəziyyətinə düşərək ölə də bilər.

Dərman allergiyasını yaradan bir səbəb də əhalinin həddindən artıq dərman qəbul etməsidir. Uzun illərin allerqoloqu kimi məsləhətim odur ki, əhali imkan daxilində dərmanlardan uzaq olsun.

Ümumiyyətlə, allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər.

Mövsümi allergiyalar

Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Misal üçün demək olar ki, yaz fəslində baş verən allergiyalar mart ayının əvvəllərində ağacların tozlanması nəticəsində başlayır və may ayının axirı iyunun əvvəllərinə kimi davam edir. İyul və avqust aylarında isə ambroziya və alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır.

Allergiya simptomları əsasən özünü burun, boğaz və gözlərdə  göstərir. Allergiyanın ilkin əlamətləri:

  1. Burnun axması
  2. Gözlərin acışması və sulanması
  3. Tez-tez asqırmaq
  4. Dərinin qızarması və qaşınması
  5. Başağrısı
  6. Çətinləşən nəfəs almalar, təngnəfəslik.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi