Rentgenoqrafiya, insan orqanizminin daxili strukturlarını araşdırmaq və diaqnoz qoymaq üçün istifadə edilən ən geniş yayılmış tibbi görüntüləmə üsullarından biridir. Bu metod rentgen şüalarının köməyi ilə sümüklərin, ağciyərlərin, ürəyin və digər daxili orqanların şəklini təqdim edərək, müxtəlif xəstəliklərin və zədələnmələrin aşkarlanmasını asanlaşdırır. Rentgenoqrafiya yalnız travmalar və sınıqların diaqnostikasında deyil, həmçinin ağciyər xəstəlikləri, ürək genişlənməsi, həzm sistemi problemləri və hətta şişlərin erkən mərhələdə aşkarlanmasında mühüm rol oynayır.
Rentgen nədir?
Rentgen nədir? Bu suala cavab olaraq deyə bilərik ki, rentgen tibbi diaqnostikada istifadə olunan, bədən daxilindəki strukturların görüntüsünü çıxarmağa imkan verən elektromaqnit şüalanma üsuludur.
Rentgen, ilk dəfə 1895-ci ildə alman alimi Vilhelm Rentgen tərəfindən kəşf edilmiş elektromaqnit şüa növüdür. Bu kəşf tibbdə inqilab yaradaraq həkimlərin bədənin içərisini kəsmədən görməsinə imkan verdi. Rentgen şüaları, bədənə nüfuz edərək toxuma və orqanların şəkilini lentə alır. Sümük kimi sıx toxumalar şüanı daha çox udduğu üçün görüntüdə daha açıq (ağ), yumşaq toxumalar isə daha tünd rəngdə (qara və boz çalarlarında) görünür. Bu fərqlər sayəsində sümüklərdəki çat, sınıq, iltihab, deformasiya və ya bədəndə yad cisim olub-olmadığını asanlıqla müəyyən etmək mümkündür.
Rentgen aparatı şüaları müəyyən istiqamətdə yayır və qarşısında yerləşdirilən bədənin hissəsindəki strukturlar bu şüaları udur və ya keçirdir. Əldə olunan görüntü ya xüsusi filmə, ya da rəqəmsal sistemlər vasitəsilə ekrana ötürülür.
Rentgen müayinəsi
Rentgen müayinəsi, diaqnostik proseslərdə ən çox istifadə olunan, ağrısız və qısa müddətli prosedurdur. Müayinə zamanı pasiyent müəyyən bir pozada dayandırılır və müayinə ediləcək nahiyə rentgen cihazının qarşısına yerləşdirilir. Prosedur zamanı pasiyentə xüsusi qoruyucu önlüklər verilir ki, bu da bədənin digər hissələrinin lazımsız şüaya məruz qalmasının qarşısını alır. Müayinənin özü isə adətən 5-10 dəqiqədən çox çəkmir.
Bu müayinə növü bir çox sahədə tətbiq olunur:
- Ortopediya sahəsində, sümüklərdəki sınıq, çat, oynaq problemləri, artrit və s. kimi halların aşkarlanmasında;
- Pulmonologiyada, ağciyərlərdəki pnevmoniya, vərəm, bronxit və s. hallarının diaqnostikasında;
- Diş həkimliyində, diş kanalları, kök problemləri və implant planlamasında;
- Travmatologiyada, qəza nəticəsində yaranan müxtəlif zədələrin aşkarlanmasında istifadə edilir.
Rentgen müayinəsi çoxdan istifadə olunan etibarlı instrumental müayinə üsuludur. Bir-çox xəstəliklərin diaqnostikası, monitorinqində istifadə olunur. Xüsusilə sümük patologiyaları, ağciyər xəstəlikləri, həzm sistemindəki dəyişikliklərdə rentgen tövsiyə oluna bilər. Rentgen zamanı bədən görüntüsünün əldə edilməsi üçün az miqdarda şüalanma istifadə olunur. Bu şüalanma yetkin insanlar üçün zərərsizdir, lakin hamilə xanımlar rentgen müayinəsindən öncə öz həkimləri ilə məsləhətləşməli və mümkün olduqda alternativ müayinə üsulu seçməlidirlər.
Rentgen müayinəsi üçün xüsusi hazırlıq tələb olunmur, rentgen çəkilən zaman sadəcə hərəkətsiz dayanmaq lazımdır ki, şəkillər mümkün qədər aydın alınsn. Həzm sisteminin müayinəsi üçün kontrast maddənin qəbul edilməsi lazımdır.
Şüa diaqnostika üzrə həkim (rentgen)
Şüa diaqnostika üzrə həkim, rentgen şüaları vasitəsilə daxili orqanların vəziyyətini qiymətləndirən və diaqnoz qoyan tibbi mütəxəssisdir. Bu həkimlər, xəstələrin orqanizmindəki problemləri aşkarlamaq üçün rentgenoqrafiya, kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və ultrasəs kimi görüntüləmə üsullarından istifadə edirlər. Şüa diaqnostika üzrə həkimin peşəkarlığı sümüklərin, ağciyərlərin, ürəyin, qan damarlarının və həzm sistemi orqanlarının zədələnmələrini və ya patologiyalarını dəqiq şəkildə müəyyən etməyə imkan verir. Məsələn, tənəffüs yolları xəstəlikləri, şişlər və ya daxili qanamalar rentgenoqrafiya vasitəsilə effektiv şəkildə aşkar edilir.
Sağlam Ailə-nin peşəkar Şüa diaqnostika üzrə həkimlərinə müraciət edərək sağlamlıq problemlərinizi vaxtında aşkarlaya və düzgün müalicə almaq üçün yardım ala bilərsiniz.