Adenoviruslar nədir?
Adenovirus infeksiyası uşaqlar və böyüklər arasında geniş yayılmış, müxtəlif orqan və sistemlərə təsir edə bilən virus qrupudur.
Adenoviruslar – tənəffüs yolları, mədə-bağırsaq sistemi və gözlər də daxil olmaqla, bir sıra vacib orqan və sistemlərinə təsir edə bilən çoxsaylı infeksiyalara səbəb olur. Bu viruslar, xüsusilə uşaqlar arasında yoluxucu olmaqla yanaşı, ətraf mühitə qarşı da olduqca davamlıdır.
Adenovirusun yoluxma yolları
Adenovirus infeksiyası müxtəlif yollarla, xüsusilə də təmas və hava-damcı yolu ilə yayılır. Burada həm birbaşa insanla təmas, həm də çirklənmiş əşyalar və su vasitəsilə yoluxma riski mövcuddur.
İnsandan insana yoluxma: Viruslar əsasən əllər vasitəsilə yayılır. Məsələn, yoluxmuş şəxs iltihablı gözünə toxunur, sonra başqa şəxslə salamlaşır. Əgər həmin şəxs daha sonra əlini yumadan gözünə və ağız boşluğuna toxunarsa, virus ona keçə bilər. İnfeksiyaya yoluxmuş insanın asqırması və ya öskürməsi də virusun yayılmasına təsir edir.
Çirklənmiş əşya, qida və mayelər vasitəsilə yoluxma: Virus qapı dəstəyi, pilləkan tutacağı, kranlar, ortaq dəsmallar, göz damcıları, göz məlhəmləri, vasitəsilə yayılır. Fotoaparatlar, optik oyuncaqlar və tonometr kimi oftalmoloji cihazlar da yoluxma riski daşıyır. Çirkli su mənbələri, xüsusilə yetərincə təmizlənməmiş içməli sular və üzgüçülük hovuzları adenovirusların yayılmasına səbəb ola bilər.
Otaq temperaturunda adenoviruslar səthlərdə bir neçə həftə yoluxucu olaraq qala bilər.
Bəzi hallarda adenoviruslar xəstə insanların nəcisi vasitəsi ilə yoluxur.
Adenovirus - Əlamətlər və simptomlar
Adenovirusların əlamətləri virusun hansı orqan və sisteminə təsir etdiyindən asılı olaraq dəyişə bilər. Göz, tənəffüs və həzm sistemi bu virusun ən çox hədəf aldığı sahələrdir. Aşağıda hər bir orqan və sistemlərdə görünə biləcək simptomlarla tanış ola bilərsiniz:
Göz: Gözün selikli qişasında baş verə biləcək əsas dəyişiklik göz qapağının və buynuz qişasının iltihabıdır.
Bu zaman aşağıdakı simptomlara rast gəlinir:
Gözlərin birində və ya hər ikisində qızartı;
Selikli qişanın şişməsi;
Gözdə xarici cisim hissi, qaşınma, sulanma, işığa qarşı həssaslıq;
Göz qapaqlarında şişkinlik, qulaq önü limfa düyünlərinin böyüməsi;
1 həftə sonra buynuz qişaya yayılma mümkündür.
Tənəffüs yolları: Qrip və soyuqdəymə bənzəri əlamətlər göstərərək xəfif qızdırma ilə başlaya bilir. Üst tənəffüs yollarına təsiri nəticəsində boğaz ağrısı və öskürək əlamətləri də üzə çıxır. Sonrakı mərhələdə ağırlaşaraq tənəffüs yolu infeksiyalarına (bronxit, pnevmoniya və s.) çevrilə, təngənəfəslik, sinə ağrısı kimi əlamətlər göstərə bilər.
Həzm sistemi: Adenoviruslar qusma, qarın ağrısı, ishal kimi simptomlar ilə həzm sisteminə də təsirsiz ötüşmür. Bu simptomlar uzun müddət davam edərsə, bədənin hədsiz maye itkisinə yol aça bilər.
İnkubasiya müddəti və yoluxuculuq
Adenovirus infeksiyasının başlanğıc mərhələsi, yəni inkubasiya dövrü və yoluxuculuq müddəti bu virusun nə qədər gizli və davamlı ola biləcəyini göstərir. Xəstəlik yoluxmadan bir neçə gün sonra ortaya çıxır və yoluxuculuq uzun müddət davam edə bilər.
Xəstəlik yoluxmadan 5–12 gün sonra ortaya çıxır.
Yoluxuculuq ilk simptomlardan başlayır və adətən ən az 2 həftə davam edir.
Adenovirusun diaqnostikası və testlər
Dəqiq diaqnoz adenovirusun yayılmasının qarşısını almaqda vacib rol oynayır. Müxtəlif analiz üsulları ilə adenovirusun mövcudluğu müəyyən edilə bilər. Uyğun nümunələrdə virus antigenlərinin təyini ilə diaqnoz təsdiqlənir. Uyğun nümunədə virus antigeni müəyyən edilərsə, diaqnoz qoyulur. Nəcis nümunəsində ekspress və digər üsullarla antigen təyini mümkündür.
Xəstəlik zamanı nələrə diqqət yetirməli?
Adenovirus infeksiyası zamanı simptomları yüngülləşdirmək və yayılmanın qarşısını almaq üçün bəzi vacib qaydalara əməl etmək lazımdır.
Aşağıda adenovirus xəstəliyi zamanı gündəlik həyatınızda diqqət etməli olduğunuz əsas məqamlar qeyd olunub:
Adenoviruslara qarşı xüsusi antiviral müalicə yoxdur; yalnız simptomlar yüngülləşdirilə bilər:
Əllərlə gözlərə və digər selikli qişalara toxunmaqdan çəkinin - virus yayılmasına səbəb ola bilər;
Şəxsi gigiyenaya diqqət edin, əlləri su və sabunla yuyun;
Şəxsi gigiyenik əşyalar - dəsmallar, kremlər və digər vasitələr başqaları ilə paylaşılmamalıdır;
Bağçaya, məktəbə və digər kollektiv yerlərə yalnız iltihab keçdikdən sonra getmək olar;
Xəstəlik müddətində ictimai hovuz və saunalara getmək olmaz;
Otağınızın havasını tez-tez dəyişdirin;
Bol maye qəbul edin;
Əlavə olaraq vitaminlər və qida əlavələri istifadə edilə bilər.
Necə qorunmalı?
Adenovirus infeksiyasına qarşı ən effektiv qorunma üsulu düzgün və davamlı gigiyenadır. Xüsusilə yoluxmuş şəxslərlə təmasda olanlar və uşaq kollektivlərində çalışanlar üçün bu tədbirlər daha da önəmlidir.
Əgər ətrafınızda adenovirus daşıyan şəxslər varsa, aşağıdakı qoruyucu qaydalara mütləq əməl edin:
Əllərinizi mütəmadi və düzgün yuyun (su və sabunla);
Yoluxmuş şəxslərlə yaxın təmasdan çəkinin;
Yoluxmuş şəxsin olduğu əraziləri birdəfəlik salfetlə silin və istifadə etdikdən sonra zibilə atın;
Şəxsi gigiyenik vasitələri yalnız özünüz istifadə edin;
Fotoaparat, kamera, binokl, kimi gözə yaxın tutulan əşyaları paylaşmayın;
Yalnız öz kosmetik vasitələrinizdən istifadə edin (kremlər, pudralar, makyaj məhsulları)
Yalnız öz göz damcılarınızı istifadə edin.
Nəticə olaraq, adenovirus infeksiyası həm uşaqlarda, həm də böyüklərdə müxtəlif orqan və sistemlərə təsir göstərən yoluxucu xəstəliklərə səbəb ola bilər. Bu virusun ətraf mühitə davamlı olması və asan yayılması onu nəzarətdə saxlamağı çətinləşdirə bilər. Odur ki, düzgün gigiyena vərdişləri, şəxsi əşyaların paylaşılmaması və ictimai yerlərdə ehtiyat tədbirlərinə əməl olunması adenovirusların yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Erkən diaqnostika və simptomatik müalicə isə xəstəliyin daha yüngül keçməsinə şərait yaradır.