Tibbi məlumatlar

Hepatit A

 Hepatit A nədir?

Hepatit A, qaraciyərin virus mənşəli iltihabıdır. Hepatit A virusunun yayılması gigiyena ilə əlaqədar olub, yüksək gigiyenik standartlara malik ölkələrdə nadir hallarda rast gəlinir. Belə hallarda yoluxanların böyük bir qismi digər ölkələrdə:virus üçün endemik ərazilər və ya sağlamlıq imkanlarının daha az əlçatan olduğu ölkələrə səyahət zamanı yoluxmuş olur. Xalq arasında “sarılıq” olaraq da adlandırılır. Zamanında müdaxilə ilə Hepatit A virusundan tam olaraq sağalma mümkündür. 


Hepatit A necə yoluxur?

 İnsandan insana ötürülmə:

  • Hepatit A virusları yoluxmuş şəxslərin nəcisindən xaric olunur, hətta xəstəlik öz əlamətlərini biruzə verməzdən öncə bu mümkündür. 
  • Yoluxma evdə birgə yaşayan şəxslər, uşaq bağçaları kimi yerlərdə yaxın təmas yolu ilə baş verir.
  • Viruslar pis gigiyenik vərdişlərə sahib olan şəxslərdə  əllərdə və ya əşyaların səthində qalan nəcis qalığı vasitəsilə ağız boşluğuna daxil ola bilir və yoluxmaya səbəb olur. 
  • Nadir hallarda qan və qan məhsulları ilə də ötürülə bilər.

Qida və su vasitəsilə:

Viruslar çirklənmiş qidalarla keçə bilər:

  • Məsələn, nəcis ilə çirklənmiş su ilə yuyulan salatlar, tərəvəzlər, və ya çirklənmiş dəniz məhsullarını istehlak etdikdə (molyusklar, istiridyələr və s. ).
  • Virusa yoluxmuş şəxs əllərini təmiz  yumadan qida hazırlayaraq, virusların qidaya keçməsinə səbəb olur. 
  • Çirklənmiş  içməli və ya məişət suları da yoluxma mənbəyi ola bilər.
  • Son illərdə idxal olunan bəzi  məhsullar, məsələn:
    • Dondurulmuş giləmeyvə, şirniyyatlar, qurudulmuş xurma və pomidor kimi məhsullarda da  ixrac yerinə əsasən virus daşıyıcılığına rast gəlinmişdir.


 Xəstəlik əlamətləri nələrdir?

Adətən xəstəlik uşaqlarda zəif və ya əlamətsiz, böyüklərdə isə aşkar simptomlarla keçir.

  • İlkin və qeyri-spesifik  əlamətlər:

    • Ürəkbulanma, 

    • Qusma,

    • Qarın ağrısı, 

    • Halsızlıq,

    • Bəzən temperatur artımı 

  • Sonrakı və daha-spesifik əlamətlər:

    • Sarılıq (dərinin və görünən selikli qişaların saralması)

    • Sidiyin rənginin tündləşməsi,

    • Dəri qaşıntısı,

    • Gil rəngində nəcis,

    • Çəki itkisi.

  • Əlamətlər bir neçə gündən başlayaraq bir neçə həftəyə qədər davam edir. Tam sağalma 2–4 həftə çəkə bilər.10% hallarda xəstəlik uzunmüddətli, lakin sonradan fəsadsız sağalan olur.Yaş artdıqca ağır keçmə riski artır, nadir hallarda həyat üçün təhlükəli ola bilər.

Sevindirici haldır ki,  bir dəfə yoluxan şəxsdə ömürlük immunitet yaranır.


İnkubasiya dövrü və yoluxduruculuq:

  • Yoluxma dövrü ilə xəstəlik əlamətlərinin üzə çıxması  arasındakı müddət: 15–50 gün (ortalama 4 həftə) davam edir.
  • Ən yoluxucu dövr:Xəstəlik əlamətlərindən 1–2 həftə əvvəl və 1 həftə sonra
  • Körpələr virusu böyüklərə nisbətən daha uzun müddət nəcis ilə xaric edə bilər ki, bu da digər şəxslərə yoluxdurmasına səbəb ola bilər. 

Diaqnozun qoyulması və aparılan testlər

  • Laborator müayinələr:

Xəstə fiziki müayinə olunduqdan sonra diaqnozun qoyulması üçün ən uyğun variant qan testlərinin aparılmasıdır. Əgər qanda Hepatit A virusuna aid anticisimlər tapılarsa diaqnoz qoyulur. Bu anticisimlər 2 formada ola bilir:

  1. Anti-HAV IgM:Xəstə şəxs virusa ilk məruz qaldığı anda ifraz edilir, kəskin infeksiyanın göstəricisidir.

  2. Anti-HAV IgG:İnfeksiyaya yoluxmadan daha gec ortaya çıxır,uzun müddət bədəndə qala bilir, əvvəllər keçirilmiş infeksiyanın göstəricisidir. 

    Virus infeksiyaları qaraciyərin funksional və struktur olaraq zədələnməsinə təsir edir. Bu səbəbdən qaraciyərin funksional sınaqları(ALT,AST,QQT,ALP,Bilirubinlər və s.) aparılmalıdır. 

  • İnstrumental müayinələr

Baş verən struktur dəyişikliklərini müəyyən etmək üçün Abdominal USM müayinəsi faydalıdır. 


 Kimlər daha risk altındadır?

  • Daha əvvəl hepatit A keçirməyən və peyvənd olunmayan hər kəs yoluxa bilər. Bununla yanaşı xüsusi risk qruplarını qeyd etməkdə fayda var:

    • Endemik(virus üçün spesifik olan) bölgələrə səyahət edənlər,

    • Xəstələrlə yaxın təmasda olanlar,

    • Qaraciyər xəstəliyi olanlar,

    • Yaşlı şəxslər.


 Xəstə şəxs nə etməlidir?

  • Xüsusi müalicə yoxdur – yalnız simptomlar yüngülləşdirilir.
  • Dincəlmək, qaraciyərimizə düşən yükü azaltmaq üçün  yüngül karbohidratlı və az yağlı qidalanma tövsiyə edilir.
  • Alkoqol və siqaret qəbulundan  uzaq durmaq vacibdir.
  • Həkimlə məsləhətləşmədən qaraciyəri yükləyən dərmanlar qəbul edilməməlidir.
  • Əllər tez-tez və diqqətlə yuyulmalıdır.
  • Xəstə olan şəxs özəl tualet istifadə etməlidir.
  • 2 həftə ərzində ictimai yerlərdən (məktəb, bağça, iş) uzaq qalınmalıdır.Xəstə və ya şübhəli şəxslər məktəb, bağça və ya qida sektorunda müvəqqəti olaraq fəaliyyət göstərməməlidirlər.

Qorunma yolları

 Peyvənd:

  • Hepatit A peyvəndi uşaqlarda 2 doza şəklində, 6 ay fasilə ilə vurulmalıdır. (adətən 18 və 24 cü aylarda)
  • Yetkin şəxslərdə də bu eyni şəkildədir, lakin peyvənd öncəsi bəzi müayinələrdən keçirilməlidir. 
  • Hepatit A + B kombinə edilmiş peyvəndlər də mövcuddur
  •  Virusla  təmasdan şübhə varsa  sonrakı 14 gün ərzində peyvənd  xəstəliyin qarşısının alınmasında effektivdir. 

 Gigiyena tədbirləri:

  • Əlləri tez-tez və düzgün yuyun,
  • Xəstəyə qulluq zamanı birdəfəlik əlcək istifadə edin,
  • Mətbəx və tualet təmizliyinə ciddi əməl edin,
  • Səfərlərdə yalnız qaynadılmış və ya qablaşdırılmış su, yaxşı bişmiş qidalar istifadə edin,
  • Çiy salat, çiy meyvə suyu və qabığı soyulmamış meyvə yeməyin.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi