Tibbi məlumatlar

Miqren və Baş Ağrısı Arasındakı Fərqlər

Gündəlik həyatda baş ağrısı bir çox insanın rastlaşdığı narahatlıqdır. Lakin hər baş ağrısı miqren deyil. Bu iki vəziyyət bəzən qarışdırılır, halbuki səbəbləri, simptomları və müalicə üsulları fərqlidir. Miqrenin vaxtında düzgün müəyyən olunması, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Miqren nədir?

Miqren adətən başın bir tərəfində yaranan, orta və ya güclü intensivlikdə, zərbəvari ağrı ilə müşayiət olunan xroniki nevroloji xəstəlikdir. Tez-tez ürəkbulanma, qusma, işıq və səsə qarşı həssaslıqla birgə baş verir.
Miqren tutmaları bir neçə saatdan 2–3 günə qədər davam edə bilər.
Əsas simptomları isə bunlardır:

  • Başın bir tərəfində güclü ağrı
  • Ürəkbulanma və qusma
  • İşığa və səsə qarşı həssaslıq
  • Bəzi insanlarda görmə pozğunluğu və ya hiss dəyişiklikləri

Sadə baş ağrısı nədir?

Sadə baş ağrısı daha çox stress, yorğunluq, susuzluq və ya əzələ gərginliyi nəticəsində yaranır.
Adətən başın hər iki tərəfində hiss olunur və zəif və ya orta intensivlikdə olur.
Əsas simptomlar:

  • Başın hər iki tərəfində sıxıcı ağrı
  • Boyun və alın hissəsində gərginlik
  • Adətən ürəkbulanma müşahidə olunmur
  • Fiziki fəaliyyət ağrını adətən artırmır

Miqren və Baş Ağrısından Necə Qorunmaq Olar?

Kifayət qədər yatın – yuxu rejiminin pozulması miqren tutmalarını artırır.
Stressi azaldın – meditasiya, gəzinti və nəfəs texnikaları kömək edə bilər.
Düzgün qidalanın və su için – susuzluq və bəzi qidalar miqreni oyada bilər.
Müntəzəm tibbi müayinələrdən keçin – xroniki ağrılar varsa, həkimə müraciət edin.
İşıq və səs faktorlarını izləyin – parlaq və ya titrəyən işıqlar, yüksək səslər miqreni gücləndirə bilər.

Miqren və adi baş ağrısı arasındakı fərqi tanımaq düzgün müalicə və rahat həyat üçün vacibdir. Əgər ağrılar tez-tez təkrarlanırsa, mütəxəssisə müraciət etmək ən doğru addımdır.

Miqren müalicə olunurmu?

Tam müalicəsi olmasa da, düzgün diaqnoz, həyat tərzi dəyişiklikləri və həkim nəzarətində dərmanlarla miqren tutmalarının tezliyi və şiddəti əhəmiyyətli dərəcədə azaldıla bilər.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi