Azərbaycan Respublikasının “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” mayın 13-də Sabirabad rayonunda məskunlaşmış Zəngilan rayonundan olan qaçqın və məcburi köçkün ailələri üçün sağlam həyat tərzinin və nikahdan əvvəl tibbi müayinənin təbliği, əhalinin, xüsusilə gənclərin reproduktiv sağlamlığı, ailə planlaşdırılması, erkən nikah və ziyanlı vərdişlərin yaratdığı fəsadlar barədə maarifləndirci tədbir keçirilib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mövsümov, Sağlam Ailə Tibb Mərkəzinin rəsmisi Nigar Rüstəmli və başqaları çıxış edərək ölkəmizdə son illər əhalinin, xüsusilə uşaqların, qadınların və gənclərin sağlamlığı, həyat tərzinin yaxşılaşdırılması, onların pis vərdişlərdən uzaqlaşdırılması sahəsində həyata keçirilən faydalı tədbirlərdən, bütün bunların sayəsində ölkə əhalisinin həyat tərzinin gündən-günə yaxşılaşmasından danışıblar. Beynəlxalq Ailə Günü çərçivəsində həyata keçirilən tədbirdən sonra “Sağlam Ailə Tibb Mərkəzi” nin ixtisaslı mütəxəssisləri tərəfindən uşaqların və qadınların səyyar müayinəsi təşkil olunub. Eyni zamanda müayinədən keçən vətəndaşlar Tibb Mərkəzi tərəfindən Bakı şəhərində ümumi analizlərin verilməsi üçün kuponla təmin edilib.