Kifoz Nədir? Onurğanın Əyilməsi və Müalicə Yolları
Kifoz,xalq arasında “qozbellik” onurğanın qeyri-adi şəkildə önə doğru əyilməsidir.Normalda onurğa sütununa yandan baxarkən fizioloji əyrilikləri olduğu görülür, lakin kifoz zamanı bu normaldan daha artıq olur.Günümüz insanlarının,xüsusi ilə uşaqların fiziki aktivlik tələb edən işlərdən daha çox masa başında vaxt keçirməsi onurğa əyriliklərinin baş vermə ehtimalını daha da artırır.
Kifozun Səbəbləri
1. Postural kifoz
Rahat olmayan oturacaqlar, gün ərzində dik duruşu saxlamamaq və ya ağır çantalar səbəb ola bilir.
2. Osteoporoz
Osteoporoz, sümüklərin zəifləməsinə səbəb olan bir xəstəlikdir. Yaş artdıqca, xüsusilə qadınlarda, sümük sıxlığının azalması səbəbindən kifoz inkişaf edə bilər.
3. Disklərin Degenerasiyası
Yaşlandıqca, onurğalar arasındakı disklər öz elastikliyini itirir və nazikləşir. Bu da kifoz əyriliyini artırır.
4. Scheuermann Xəstəliyi
Adətən 8-12 yaş arası dövrdə görünən bu xəstəlikdə, onurğa sümükləri düzgün inkişaf etmir və zamanla daha da əyilir.
5. Digər Səbəblər
Bəzi hallarda kifoz doğuşdan gələn inkişaf pozuntuları, genetik xəstəliklər ilə əlaqədar olur.
Kifozun Simptomları
Kifoz insanlarda sadəcə çiyinlərin önə doğru görünüşü ilə sərhədənmir,bəzən daha ağır simptomlarL səciyyələnir.
- Davamlı boyun,bel ağrısı
- Kürəkdə sərtlik və gərginlik
- Qamətin pozulması , başın bədəndə daha irəlidə olması
- Gündəlik fəaliyyətlərdə məhdudiyyət (məsələn, oturmaq, qalxmaq və s.)
- Əzələlərdə gərginlik
- Bəzi hallarda nəfəs almaqda çətinlik və həzm problemləri.
Kifozun Fəsadları
Kifoz müalicə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər:
- Fiziki Məhdudiyyətlər
Gündəlik mexaniki işləri görmək çətinləşir, əyilmək və oturmaq kimi hərəkətlər belə ağrılı hala gəlir. - Həzm və Nəfəs Alma Problemləri
Onurğanın önə doğru əyilməsi daxili orqanlara təzyiq göstərərək həzm və nəfəs alma funksiyalarını poza bilər. - Psixoloji Təsirlər
Xüsusilə yeniyetmələrdə və gənclərdə görünüş narahatlığı özünə inamın azalmasına səbəb ola bilər.
Kifozdan Necə Xilas Olmaq Olar?
Kifozun müalicəsi əyriliyin dərəcəsindən, səbəblərindən və yaş faktorundan asılı olaraq dəyişir. Müalicə variantlarına daxildir:
1. Fiziki Müalicə və Məşqlər
Fizioterapiya mülayim hallarda kifayət qədər təsirli olur. Bu məşqlərdə əsas məqsəd onurğa ətrafındakı əzələləri gücləndirərək qaməti düzəltməkdir.
2. Dərman Müalicəsi
Osteoporoz və ya ağrı üçün təyin edilən dərmanlar sümük sağlamlığını bərpa etməyə kömək edir.
3. Cərrahi Müdaxilə
Ağır hallarda və ya konservativ müalicənin nəticə vermədiyi vəziyyətlərdə cərrahi müalicə tətbiqi qaçınılmazdır. Bu müdaxilə əyriliyi düzəltmək və ağrını azaltmaq üçün edilir.
4. Onurğa Dəstək Korsetləri
Yeniyetmələrdə Scheuermann xəstəliyi zamanı korset istifadəsi effektiv nəticələr verir.
Onurğa Sağlamlığınızı Necə Qorumaq Olar?
Kifozun qarşısını almaq üçün gündəlik həyatınızda aşağıdakı tövsiyələrə əməl edə bilərsiniz:
- Sümük sağlamlığınızı qorumaq üçün kalsium və D vitamini qəbul edin.
- Aktiv həyat tərzi keçirin və onurğanı gücləndirən məşqlər edin.
- Düzgün oturma və dayanma vərdişləri formalaşdırın.
- Ağır əşyaları düzgün texnika ilə qaldırın.
Unutmayın!
Onurğa sağlamlığı həyat keyfiyyətimiz üçün çox önəmlidir.